Helsinkidə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

Finlandiyanın paytaxtı Helsinkinin mərkəzində yerləşən “Espan Lava” səhnəsində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunan “Voices of the Land of Fire” (“Odlar yurdunun səsləri”) adlı mədəniyyət tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin Crossmedia.az-a daxil olan məkumatına görə, Azərbaycanın zəngin mədəni irsini, suverenlik dəyərlərini və multikultural kimliyini beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə keçirilən tədbirin təşkilatçısı “Azər-Türk Gənclər Təşkilatı” və onun sədri Ülviyyə Cabbarovadır.
Tədbirə yerli ictimaiyyət nümayəndələri, turistlər, eləcə də Norveç, Latviya, Finlandiyanın müxtəlif şəhərlərindən gələn çoxsaylı qonaqlar qatılıb.
Açılışda çıxış edən Ülviyyə Cabbarova Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyətindən və ölkənin suverenlik tarixindən danışıb. “Azərbaycan Evi” layihəsi barədə məlumat verib. “Azərbaycan Evi”nin Finlandiyada Azərbaycan mədəniyyətinin, dilinin və milli dəyərlərinin təbliği istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirib.
Tədbirin bədii hissəsində Finlandiyada yaşayan rəqqasə Sevil Rannel milli rəqslərimizlə, vokal ifaçısı Orxan Cəlilov isə klassik və müasir musiqi nümunələri ilə tamaşaçıların rəğbətini qazanıblar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, pianoçu Aydan Vəzirovanın fortepianoda ifası sürəkli alqışlarla qarşılanıb.
Ziyarətçilərə Azərbaycanla bağlı turizm broşürləri, suvenirlər və milli atributlu hədiyyələr təqdim olunub.
Tədbirdə Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar, səfirlik əməkdaşları və Türk Hava Yollarının Finlandiya üzrə rəhbəri Utku Yazan da iştirak ediblər. Bu iştirak Azərbaycan-Türkiyə dostluğunun və mədəni əməkdaşlığının bariz nümunəsi kimi dəyərləndirilib.
“Voices of the Land of Fire” tədbiri Azərbaycanla Avropa xalqları arasında mədəni körpülərin qurulmasına və ölkəmizin zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edən mühüm platforma kimi qiymətləndirilib.
18:50 28.07.2025
Oxunuş sayı: 805