Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib



XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının qonaqları sırasında Gürcüstanın tanınmış “Tbilisi Big Band” musiqi qrupu da var. Festivalın proqramına uyğun olaraq, iyulun 27-də axşam “Qafqaz Resort” otelindəki açıq səhnə Gürcüstandan gəlmiş musiqi qrupunun ixtiyarına verilib. Kollektivin caz, ritm və enerji dolu əsrarəngiz çıxışı musiqisevərlərin ürəyincə olub və alqışlarla qarşılanıb.
“Tbilisi Big Band” musiqi qrupu Qəbələ festivalında üçüncü dəfədir iştirak edir. Professional musiqiçilərdən ibarət “Big Band” 1997-ci ildə yaradılıb və Gürcüstanın aparıcı kollektivlərindən biridir. Orkestr estrada ifaçılığı, xüsusilə də gürcü caz ənənələrinə sadiq qalaraq, son illər bir çox uğura imza atıb. Hazırda qrupun repertuarında müxtəlif janrları əhatə edən yüzlərlə əsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumental kompozisiyaları daxildir. Musiqi qrupu 2006-cı ildə Monte Karloda keçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiq görülüb. Orkestrlə birgə G.Şiller, B.Mintser, R.Ayers, İ.Butman, C.İzaak, D.Teffer kimi tanınmış musiqiçilər çıxış edib.
Festivalın proqramına uyğun olaraq, iyulun 28-də tamaşaçılara kamera musiqisi axşamı və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq.
08:57 28.07.2025
Oxunuş sayı: 1302