Azərbaycan alimləri Çində "Kəmər və Yol" Akademik Forumunda iştirak edirlər

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 6-cı "Kəmər və Yol" Akademik Forumu keçirilir.
Crossmedia.az xəbər verir ki, Çinin “Kəmər və Yol” təşəbbüsünün tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlıqla inkişafına yönələn forum Sincan Uyğur Muxtar Rayonunun yaradılmasının 70 illiyinə həsr olunub. Tədbir, eyni zamanda, Çinin 14-cü beşillik planının yekun mərhələsi ilə üst-üstə düşür. Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər, səhiyyə qurumlarının rəhbərləri və elmi mərkəzlərin nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil edirlər. G.Dadaşova “Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən əvvəl və sonrakı səhiyyənin vəziyyəti”, V.Hacıyev isə “Ürək-damar xəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətin aktual vəzifələri” mövzularında çıxış ediblər. Təqdimatlar böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Sincan Uyğur Muxtar Rayonunun Xalq Xəstəxanası arasında kardiologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Professor Gülnaz Dadaşova bildirib ki, memorandum Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyədə nüfuzunun artması və əhalimizin daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.
Alimlərimiz Sincan Uyğur Muxtar Vilayətinin Xalq Xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, xəstəxana ildə 2 milyondan çox ambulator xəstəyə xidmət göstərir, 90 mindən çox əməliyyat həyata keçirilir. Müasir tibbi avadanlıqla təchiz olunan xəstəxanada uğurla robotik cərrahiyə icra olunur, 2 min kilometr aralıda olan xəstələrə robotlar vasitəsilə angioqrafiya, stend implantasiyası əməliyyatları icra olunur, həmçinin ürək, böyrək və ağciyər transplantasiyası həyata keçirilir.
Azərbaycan nümayəndə heyətinin bu mötəbər beynəlxalq forumda iştirakı ölkəmizin səhiyyə sisteminin inkişafı, elmi nailiyyətlərin beynəlxalq aləmdə tanıdılması və regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Son illər Azərbaycan ilə Çin arasında səhiyyə sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə güclənib. Səhiyyə naziri Teymur Musayev cari ilin aprelində Çinə səfəri zamanı beynəlxalq forumda iştirak edib, ölkəmizdə səhiyyə sahəsindəki islahatlardan, rəqəmsallaşma təşəbbüslərindən və yeni texnologiyaların tibdə tətbiqindən danışıb, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
21:35 25.07.2025
Oxunuş sayı: 1442