Sənaye 4.0 platforması əsasında iqtisadiyyatın rəqəmsal transformasiyası problemləri tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda şöbə müdiri iqtisad üzrə elmlər doktoru, professor Əlövsət Əliyevin “Sənaye 4.0 platforması əsasında iqtisadiyyatın rəqəmsal transformasiyası problemləri: blokçeyn və süni intellekt texnologiyalarının tətbiqi perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə Crossmedia.az xəbər verir ki, institutdan məlumat verilib.
Məruzəçi beynəlxalq aləmdə, eləcə də ölkəmizdə rəqəmsallaşma sahəsində qəbul olunmuş strateji sənədlərə istinad edərək rəqəmsal iqtisadiyyatın təşəkkül mərhələlərindən, inkişaf istiqamətlərindən və bu sahədə qarşıya çıxan problemlərdən bəhs edib. O, blokçeyn və süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi imkanlarından danışaraq bu texnologiyaların iqtisadi səmərəliliyi və şəffaflığı artırmaq potensialına malik olduğunu vurğulayıb.
Alim qeyd edib ki, blokçeyn və süni intellekt texnologiyalarının genişlənməsi ilə əlaqədar əmək bazarında da dəyişikliklər baş verir. Hazırda dünyada blokçeyn mühəndisi, süni intellekt analitiki kimi yeni ixtisas sahələri formalaşmaqdadır və bu sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması günümüzün vacib məsələlərindən biridir.
Professor Ə.Əliyev blokçeyn texnologiyası sahəsində beynəlxalq təcrübədən də bəhs edərək ABŞ, Çin, Sinqapur, Estoniya, İsveçrə kimi ölkələrin uğurlu tənzimləmə təcrübələri, dövlət xidmətlərində blokçeynə əsaslanan şəffaf idarəetmə modellərini təqdim edib.
Məruzəçi çıxışının sonunda ölkəmizdə iqtisadiyyatın rəqəmsal transformasiyası prosesinin dövlətin qəbul etdiyi sənədlərə müvafiq olaraq uğurla aparıldığını və bu prosesə bütün təşkilatlar və mütəxəssislər tərəfindən elmi dəstək göstərildiyini diqqətə çatdırıb.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məruzə ilə bağlı irad və təkliflərini səsləndirib. Akademik R.Əliquliyev blokçeyn texnologiyasının təqdim etdiyi imkalardan bəhs edərək bu texnologiyanın virtual dövlətlərə qarşı istifadə olunan inqilabi vasitə olduğunu diqqətə çatdırıb. Alim blokçeyn və süni intellekt texnologiyalarının tətbiqi problemlərinin daha dərindən öyrənilməsinin önəminə toxunub.
18:04 25.07.2025
Oxunuş sayı: 665