"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrimizi daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.
Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: "Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq".
Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.
23:13 21.07.2025
Oxunuş sayı: 1033