Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 nömrəli kitabxana filialı Azərbaycan ədəbiyyatının qüdrətli söz ustası S.Ə.Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə “Klassik Azərbaycan ədəbiyyatının maarifçi, realist şairi – S.Ə.Şirvani” başlıqlı onlayn elmi-nəzəri konfrans keçirib.
Crossmedia.az bildirir ki, konfransı açan kitabxana filialının müdiri Rahilə Qasımova S.Ə.Şirvaninin anadan olmasının 190 illiyinin ölkədə qeyd edilməsi haqqında 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını və 2019-cu ildə onun əsərlərinin dövlət varidatı elan edilmiş müəlliflər siyahısına daxil edildiyini qeyd edib və həyatı haqqında qısa məlumat verib.
Konfransda “Turan” Beynəlxalq Elmlər Akademiyasının akademiki Bayram Apoyev, Qarabağ Universitetinin filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə, ADPU-in fəlsəfə və sosial elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rafael Əhmədli, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, AMEA M.Füzuli adına Əlyazmalar institunun böyük elmi işçisi Günel Quliyeva və AzTU-nun İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, filoloq Zəminə Novruzova çıxış ediblər.
Konfransda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Seyfullayeva çıxışında bildirib ki, zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca olmaqla iki böyük külliyyatdan ibarətdir. “Hər bir şairimizin yaradıcılığını gözəl bir şəkildə, yeni aspektdə tədqiq edib, dünyaya çatdırmaq biz tədqiqatçıların ən mühüm vəzifəsidir. Qeyd etməliyəm ki, Əlyazmalar İnstitutunda Azərbaycanın, ümumiyyətlə Şərq ədəbiyyatının dahi şairlərinin yaradıcılığı müqayisəli şəkildə tədqiqatı aparılmaqdadır. Bunlar içərisində Seyid Əzimin də xüsusi yeri vardır. Seyid Əzimin əlyazmaları İnstitutumuzda qiymətli abidə kimi qorunub saxlanılmaqdadır. İnstitutumuzda mühafizə olunan cünglərdə Seyid Əzimin qeyri-mətbu şeirləri tərəfimizdən aşkarlanmş, yaxın zamanda nəşr ediləcəkdir. Məncə bu da Azərbaycan ədəbiyyatşünaslığı üçün böyük bir töhfə olacaqdır.”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Xəlilova
13:35 10.07.2025
Oxunuş sayı: 1493