Azərbaycandan İsrailə çağırış: İrandakı azərbaycanlılar qırmızı xəttimizdir

Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlara görə, Azərbaycan İsrailə müraciət edərək İrana hücumlarda burada yaşayan azərbaycanlılara qarşı mümkün hərbi və ya kəşfiyyat əməliyyatlarında ehtiyatlı davranmağı xahiş edib. Rəsmi təsdiq olmasa da, bu iddia regiondakı mürəkkəb geosiyasi münasibətlər fonunda geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın, İranda yaşayan soydaşlarımızla bağlı İsraili ehtiyatlı davranmağa dəvət etməsi barədə yayılan məlumatlar hələlik qeyri-rəsmi mənbələrə istinadən yayımlansa da, bu, siyasi reallıqlara əsaslanan ehtimal kimi dəyərləndirilə bilər.
Deputatın sözlərinə görə, bu məlumat, Azərbaycan siyasətinə yaxından bələd olan mənbələr tərəfindən yayılmış ola bilər. Çünki Azərbaycanın İranla münasibətlərində hər zaman İranda yaşayan azərbaycanlıların varlığı və onların mənafeləri əsas amillərdən biri kimi nəzərə alınıb.
Deputat Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin İran siyasətini təhlil edərkən, oradakı soydaş amili hər zaman xüsusi diqqət mərkəzində olub: “Azərbaycan prezidentinin İran siyasətini təhlil edən zaman bu münasibətlərə daim diqqət göstərməsi, həm də İranda yaşayan soydaşlarımız faktorundan irəli gəlir".
Deputat vurğulayıb ki, məntiqi analizlərə əsaslanan yanaşmalar göstərir ki, belə bir çağırışın edilməsi real və əsaslandırılmış ehtimaldır. Qeyri-rəsmi mənbələr də bu məntiqə əsaslanaraq, rəsmi Bakının İsrailə ehtiyatlı davranmaqla bağlı mesaj verə biləcəyini düşünürlər. Onun fikrincə, bu, ya bəzi real məlumatlara əsaslanır, ya da ümumi siyasi məntiqdən doğur.
H.Babaoğlu qeyd edib ki, bu yanaşmanı Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara verdiyi açıq mesaj da təsdiqləyir. Dövlət başçısının “mən dünyada yaşayan bütün azərbaycanlıların prezidentiyəm və onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” fikri, məhz bu məsələdə Azərbaycanın mövqeyini ortaya qoyur.
Deputatın fikrincə, Azərbaycanla İsrail arasında yaxın və strateji münasibətlərin olması da belə bir çağırışın edilməsini mümkün edir. Bu münasibətlərdən İranda yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün istifadə olunması, Azərbaycanın bölgədəki mövqeyinin və diplomatik çevikliyinin göstəricisidir.
Hikmət Babaoğlu hesab edir ki, nəticə etibarilə, İranda yaşayan azərbaycanlıların təhlükəsizliyinin qorunmasına yönələn hər bir təşəbbüs, əslində, İranın öz sabitliyinin qorunmasına xidmət edən addım kimi də qiymətləndirilə bilər.
Deputat sonda vurğulayıb ki, istənilən baxış bucağından yanaşılsa da, bu addım Azərbaycanın İranda yaşayan soydaşlarının müdafiəsi istiqamətində qətiyyətli və real mövqeyini əks etdirir.
Fatimə Nəbiyeva
11:25 20.06.2025
Oxunuş sayı: 5042