Deputat: “Azərbaycan bundan sonra da qarşıya qoyduğu məqsədlərə mərhələli şəkildə nail olacaq”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində deyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb.
O, Xankəndi barədə danışaraq qeyd edib ki, adı “Xanın kəndi” mənasını verən bu şəhər Azərbaycan tarixinin qədim və əhəmiyyətli yaşayış məntəqələrindən biridir:
"1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər onilliklər boyunca Stepanakert kimi adlandırılıb. 1980-ci illərin sonlarında isə Xankəndi separatizmin, terrorizmin və terror fəaliyyətlərinin mərkəzinə çevrildi, bu da Azərbaycanda və daha geniş regionda uzun sürən faciəli münaqişənin əsasını qoydu”.
H.Hacıyev vurğulayıb ki, həmin dövrdə şəhər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu bir yerə çevrilib.
"Burada azərbaycanlı mülki şəxslərin və hərbi qulluqçuların əsir və girov kimi saxlanılması, işgəncəyə məruz qalması halları baş verib. Bir növ bu şəhər azərbaycanlı əsirlər üçün düşərgə rolunu oynayıb. "Soyuq müharibə"dən sonra beynəlxalq ictimaiyyət sülh və əməkdaşlıq əsasında yeni dünya nizamı qurmağa çalışdığı bir zamanda bu şəhər, təəssüf ki, həmin prinsiplərin pozulmasının simvoluna çevrilib”, - O vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Xankəndi beynəlxalq hüququn məhv edildiyi bir məkan olub:
“Bu gün Azərbaycan regionda yeni status-kvo yaradaraq bu şəhəri həyata qaytarır”.
Azərbaycan Cənubi Qafqaz regionunda yeni bir mərhələyə qədəm qoymuşdur. Ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməmiş, həm də bölgədə sülh və əməkdaşlıq üçün yeni status-kvo yaratmışdır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində çıxışı zamanı qeyd edib ki, Xankəndi şəhəri bu prosesin simvolik mərkəzinə çevrilmişdir. Tarixi adı "Xanın kəndi" olan bu qədim şəhər bir zamanlar münaqişənin və hüquq pozuntularının mərkəzi olduğu halda, bu gün yenidən dirçəlir və qanunun, sabitliyin rəmzinə çevrilir. Azərbaycanın atdığı bu addım təkcə milli səviyyədə deyil, həm də regional sabitlik və inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
H.Hacıyevin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, bu gün Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq yaradıb və bu reallıq artıq öz təsdiqini tapıb: "Azərbaycan, Qərb ölkələri ilə – o cümlədən Vaşinqton, Brüssel və müxtəlif paytaxtlarda apardığı danışıqlara baxmayaraq, ciddi nəticələr əldə edə bilmədi. Nuna baxmayaraq, birbaşa danışıqlar, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu, eləcə də Gürcüstandakı müzakirələr sözügedən prosesə mühüm töhfə verdi".
Deputat qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallıq bu gün öz müsbət nəticələrini göstərməkdədir: "Mərhələli şəkildə ölkəmiz qarşıya qoyduğu bütün hədəf və məqsədlərə nail olur. Azərbaycan bu gün güclü bir dövlətə çevrilib və artıq qalib xalq statusunu qazanıb. Regionda Azərbaycan böyük bir gücə çevrilib və artıq bütün tərəflər bu reallıqla hesablaşmaq məcburiyyətindədir. Bu, Azərbaycanın qazandığı qələbənin və əldə etdiyi uğurların açıq göstəricisidir".
C. Məmmədov bildirib ki, Azərbaycan bundan sonra da qarşıya qoyduğu məqsədlərə mərhələli şəkildə nail olacaq və bu prosesə kimsə mane ola bilməyəcək: "Azərbaycanın formalaşdırdığı bu yeni reallıq davamlı olacaq, öz sözünü deyəcək və mövqeyini daha da möhkəmləndirəcək. Bu gün artıq aydın şəkildə demək olar ki, Azərbaycan uzun illər ərzində üzərində çalışdığı və əldə etməyə səy göstərdiyi nəticələrə nail olub. Bu yeni reallığı heç kim dəyişə bilməz. Artıq dünya dövlətləri bu reallığı qəbul edib və gələcəkdə də qəbul edəcəklər".
Zümrüd Əsədova
22:35 18.04.2025
Oxunuş sayı: 1083