Ərdoğandan "hazırıq" mesajı: Suriya yenə qarışacaq"

Suriyada illərdir davam edən siyasi böhran və rejim dəyişikliyi bölgədə yeni güc balansı formalaşdırıb. Bu dəyişikliklərin əsas istiqamətverici qüvvəsi isə məhz Türkiyə olub. Mövcud vəziyyət Rusiya və İsrail kimi aktorların Suriyada təsir imkanlarını azaldıb, əksinə, Ankaranın siyasi və hərbi mövqeyini xeyli möhkəmləndirib. Türkiyə açıq şəkildə bəyan edir ki, Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək və bölgədə sabitliyi hədəfə alan istənilən qüvvə qarşısında onu görəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, Türkiyə həm Suriyada, həm də regionun digər həssas nöqtələrində — xüsusilə Qəzzada — milli maraqlarını qorumaqda tərəddüd etməyəcək. Ankara bu prosesə yalnız sözlə deyil, konkret siyasi və hərbi addımlarla müdaxilə etməyə hazır olduğunu nümayiş etdirir. Artıq Dəməşq-Ankara münasibətləri yeni bir mərhələyə qədəm qoyub, bu reallıq isə təkcə regionun deyil, qlobal güclərin də diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı Crossmedia.az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib. Onun fikirlərinə nəzərən Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə bölgədə tamamilə yeni reallıqlar formalaşıb və "oyun qaydaları" dəyişib. Bu yeni reallıqların əsas müəllifi isə məhz Türkiyədir. Mövcud vəziyyət nəticəsində Suriyada həm Rusiyanın, həm də İsrailin təsir imkanları nəzərəçarpacaq dərəcədə zəifləyib, əvəzində Türkiyənin geosiyasi manevr imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu, hazırda region üçün əsas strateji məsələlərdən biridir".
Müsahibimizin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, Əsəd rejimi hakimiyyətdə olduğu dövrdə Türkiyənin Suriyanın şimalında yerləşən PKK, KCK və YPG kimi terror təşkilatlarına qarşı apardığı mübarizə ciddi maneələrlə üzləşirdi: "Rəsmi Dəməşq nəinki bu mübarizədə Ankaraya dəstək göstərmirdi, əksinə, terrorçulara arxa duraraq, prosesə süni əngəllər yaradırdı. Lakin hazırda Suriyada formalaşan yeni hakimiyyət, Türkiyə ilə münasibətlərdə daha konstruktiv və müsbət mesajlar verir. Fikrimcə, Suriyanın yeni lideri Əhməd Əş-Şaranın hakimiyyətə gəlməsi təsadüfi proses olmayıb. Əş-Şara hələ vətəndaş müharibəsi zamanı — hakimiyyətə gəlməmişdən əvvəl Türkiyənin dəstəklədiyi əsas fiqur kimi seçilmişdi və tərəflər arasında gələcək əməkdaşlıq və maraqların təmin olunması barədə razılıq əldə edilmişdi. Məhz bu amil də Əş-Şaranın hakimiyyətə gəlişini sürətləndirib və prosesin bu qədər asan baş verməsinə səbəb olub. Artıq açıq şəkildə görünür ki, Ankara və Dəməşq arasında tamamilə yeni bir mərhələ başlayıb və bu mərhələdə Türkiyənin Suriyadakı siyasi və hərbi mövqeyi daha da güclənib. Təbii ki, bu reallıq bölgədə bəzi gücləri narahat edir. İlk növbədə, Moskva və Təl-Əviv bu prosesdən məmnun deyil. Xüsusilə İsrail, Suriyada hakimiyyətin hələ tam möhkəmlənməməsindən istifadə edərək bölgədə yenidən qarışıqlıq yaratmağa və siyasi sabitliyi pozmağa çalışa bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarında da bu məqam xüsusi vurğulanır. Ərdoğanın fikrincə, Rusiya bu məsələdə ehtiyatlı davranacaq, çünki Ankara ilə münasibətləri gərginləşdirmək istəmir. İsrailin isə belə bir ssenaridə daha aqressiv mövqe sərgiləməsi gözləniləndir".
O bildirib ki, bəzi dairələr — xüsusilə ABŞ-nin müəyyən siyasi çevrələri İsraili bu istiqamətdə təşviq edə bilər: "Türkiyənin narahatlığı da məhz bu amildən qaynaqlanır. Rəsmi Ankara hesab edir ki, əgər hansısa qüvvələr İsrail vasitəsilə Suriyada Türkiyənin formalaşdırdığı yeni "oyun qaydalarını" pozmağa cəhd edərsə, bu zaman yalnız Suriya hakimiyyəti deyil, Türkiyənin özü də bu cəhdlərin qarşısında dayanacaq. Bütün bu proseslər fonunda Türkiyənin əlində kəşfiyyat məlumatlarının olduğu da istisna edilmir. Çox güman ki, Ankara yaxın gələcəkdə Suriyada müəyyən təxribatların hazırlanacağını ehtimal edir və bu ssenarilərə qarşı adekvat cavab verməyə hazırdır. Ərdoğanın son çıxışları da təsadüfi deyil — bu, Türkiyənin həm siyasi, həm hərbi, həm də diplomatik müstəvidə atacağı addımların xəbərçisi kimi qiymətləndirilir".
Ləman Həsənova
11:00 17.04.2025
Oxunuş sayı: 1196