Azərbaycanda dükanlar daha nisyə mal verməyəcək? – Qərar verildi
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarının müəyyən edilməsi ilə bağlı qərar noyabrın 10-da qüvvəyə minəcək. Yeni tənzimləmə nisyə satış fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin kreditləşmə şərtlərinə və maliyyə imkanlarına təsir göstərə bilər. Belə ki, əlavə qiymətləndirmə meyarının tətbiqi sahibkarların kredit risklərinin müəyyənləşdirilməsi, borclanma imkanlarının qiymətləndirilməsi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi baxımından yeni yanaşmanın formalaşmasına səbəb olacaq. Qərarın qüvvəyə minməsi nisyə satış bazarında hansı dəyişiklikləri yaradacaq? Bu addım sahibkarların banklardan kredit əldə etməsini çətinləşdirə, onların fəaliyyətinə və dövriyyəsinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu qərarın əsas məqsədi nisyə satış bazarında şəffaflığı artırmaq, sahibkarların real borc portfelini müəyyənləşdirmək və bankların kredit risklərini daha düzgün qiymətləndirməsini təmin etməkdir: “Hazırda nisyə mal satışı ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar banklardan kredit götürərkən özlərinin nisyə satış portfeli, yəni alıcılara verdikləri malların ümumi dəyəri və borclu müştərilərinin sayı barədə məlumat təqdim etməlidirlər. Yeni qaydaya əsasən, bank bu məlumatları kredit bürosuna təqdim edilmiş məlumatlarla müqayisə edəcək. Əgər göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, həmin sahibkara verilmiş kredit qeyri-qənaətbəxş aktiv kimi qiymətləndiriləcək Bu o demək deyil ki, noyabrın 10-dan sahibkarlar artıq vətəndaşlara nisyə mal sata bilməyəcəklər. Qərar nisyə satışa qadağa qoymur”.

İqtisadçı qeyd edib ki, sadəcə, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə əməliyyatlarına daha ciddi nəzarət mexanizmi tətbiq edilir: “Ancaq qərarın dolayı təsirləri ola bilər. Məsələn, nisyə satışla məşğul olan şirkət real borc portfelini gizlədirsə və ya məlumatları düzgün təqdim etmirsə, onun bank qarşısında kredit riski yüksələcək. Bu isə gələcəkdə həmin sahibkarın yeni kredit almasını çətinləşdirə, yaxud kredit şərtlərinə təsir göstərə bilər. Digər tərəfdən, bu mexanizm istehlakçıların da maraqlarına xidmət edə bilər. Çünki nisyə satış bazarında maliyyə intizamının güclənməsi, borcların daha düzgün uçota alınması və vətəndaşların ödəmə qabiliyyətinin nəzərə alınması vacibdir”.
Ayhan
15:00 03.11.2026
Oxunuş sayı: 88