Orta dəhliz necə daha uğurlu ola bilər? - Təkliflər səsləndirildi
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də beynəlxalq və regional təşkilatlar daxilində fəal əməkdaşlıq edir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin strateji əhəmiyyətinin artması, qarşılıqlı investisiya imkanlarının genişlənməsi və nəqliyyat-logistika sahəsində birgə təşəbbüslər bu münasibətlərin əhəmiyyətini daha da artırır. Bu baxımdan, Orta Dəhlizin inkişafı Bakı və Bişkek arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də mühüm imkanlar yaradır. Bəs hazırda Azərbaycan və Qırğızıstan arasında iqtisadi münasibətlərin mövcud vəziyyətini necə qiymətləndirmək olar? Orta Dəhlizin inkişafı hər iki dövlətin iqtisadi potensialına və regional mövqeyinə hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri Aqil Eyvazov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlərin genişlənməsi üçün əlverişli siyasi zəmin və əməkdaşlıq mexanizmləri mövcuddur: “2026-cı ilin iyulunda müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması da əlaqələrin daha uzunmüddətli əsasda inkişafına imkan yaradır. Məncə, əsas vəzifə bu yaxınlığı yeni investisiyalara, qarşılıqlı ticarətə və birgə istehsal layihələrinə çevirməkdir. Azərbaycan–Qırğız İnkişaf Fondu bu baxımdan mühüm vasitədir. Fondun dəstəklədiyi enerji və istehsal layihələri əməkdaşlığın praktik məzmununu göstərir. Növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül sənaye, turizm və logistika üzrə sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsini məqsədəuyğun hesab edirəm”.

A.Eyvazov qeyd edib ki, Orta Dəhliz isə bu münasibətlərə daha geniş iqtisadi imkanlar açır: “Dəhlizin səmərəli işləməsi Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Orta Dəhliz əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilir. Bu, həmin dövlətlərin Avropa bazarlarına çıxışını asanlaşdıra, daşınma müddətini və xərclərini azalda bilər. Dənizə birbaşa çıxışı olmayan Qırğızıstan üçün alternativ nəqliyyat marşrutlarına çıxış xüsusilə əhəmiyyətlidir. Azərbaycan üçün isə liman, dəmir yolu və logistika xidmətlərini genişləndirmək imkanları yaranır. Dünya Bankının qiymətləndirməsi də dəhlizin ticarət, investisiya və məşğulluğu artırmaq potensialını göstərir. Məncə, ən böyük fayda daşınan yüklərlə yanaşı, marşrut boyunca yeni müəssisələrin yaranması olacaq. Anbarlar, emal və qablaşdırma sahələri, logistika mərkəzləri qurularsa, nəqliyyat imkanları yerli biznesin inkişafına və daimi iş yerlərinə çevrilər. Bunun üçün ölkələr arasında gömrük prosedurları sadələşdirilməli, sənədlər rəqəmsallaşdırılmalı, tariflər və daşınma qrafikləri daha yaxşı əlaqələndirilməlidir. Sahibkar yükünün hansı qiymətə və nə vaxt çatacağını əvvəlcədən bilməlidir. Orta Dəhlizin iqtisadi uğuru məhz belə etibarlı və rahat xidmətin yaradılmasından asılı olacaq”.
Ayhan
15:30 03.11.2026
Oxunuş sayı: 171