Kreditini ödəyir, tozsoranı isə işləmir: “Kontakt Home” müştərilərə nə satır?
Məişət texnikası alarkən insanlar illərlə istifadə edə biləcəkləri məhsul əldə etməyi gözləyirlər. Bəziləri bunun üçün aylarla pul yığır, bəziləri isə ehtiyacını qarşılamaq üçün kreditə üz tutur. Bəs alınan məhsul cəmi iki ay sonra işləmirsə, üstəlik, başqa modelə də pul xərcləyən müştəri eyni problemlə üzləşirsə, məsuliyyəti kim daşımalıdır?
Crossmedia.az xəbər verir ki, “Kontakt Home”dan tozsoran alan bir müştəri şirkətin satışından və məhsulların keyfiyyətindən narazılığını sosial şəbəkədə paylaşdığı videoda ifadə edib.
Onun sözlərinə görə, əvvəl aldığı tozsoran cəmi iki ay sonra işləməyib. Müştəri daha sonra başqa model alıb, lakin ikinci cihazın da gözləntilərini doğrultmadığını bildirib.
Müştərinin şikayətinə əsasən, ilk tozsoran həm silmək, həm də toz çəkmək funksiyalarına malik olsa da, hazırda bu işlərin heç birini yerinə yetirmir. O, cihazı 12 ay ərzində kreditlə ödədiyini, lakin məhsuldan cəmi iki ay istifadə edə bildiyini deyir.
“Əziyyət çəkib pul qazanırıq, aybaay ödəyib belə alırıq. Bunun kreditini təzə bitirmişik, bu işləmir. Ümumiyyətlə, heç nə çəkmir, heç nə silmir. Heç bir işə yaramır”, – deyə müştəri narazılığını ifadə edib.
Birinci tozsoran işləmədi, ikincisi də gözləntiləri doğrultmadı
Müştərinin sözlərinə görə, ilk məhsuldan nəticə ala bilmədikdən sonra yenisini almaq qərarına gəlib. Satıcının tövsiyəsinə güvənərək daha münasib hesab etdiyi deyil, ən yaxşı model kimi təqdim olunan tozsoranı seçib.
“Daha münasib modelləri var idi. Satıcı mənə dedi ki, ən yaxşısı budur. Mən də bunu aldım. Bunun nağd qiyməti 800 manatdır. Kreditlə almışam və hələ də ödəyirəm. Amma əvvəl göstərdiyim kimi, bu da zibil kimi heç nə çəkmir, atır yerə”, – deyə müştəri bildirib.
Beləliklə, müştərinin iddiasına görə, o, iki fərqli tozsoran alıb və hər ikisi ilə bağlı problem yaşayıb. Birinci məhsulun kredit ödənişlərini başa vursa da, ikinci məhsulun ödənişlərini hələ də davam etdirir.
“İnsanlar əziyyət çəkib pulunu birləşdirərək nəsə alırlar. Pulu olmayan kreditlə alır, boğazından kəsib hər ay ödəyir. Bəs niyə alırıq bu məhsulları? Bizim işimizi görsün deyə almırıqmı? İşimizi görmürsə, niyə hər ay pul ödəməliyik?” – deyə müştəri sual edib.
Servisə yönləndirmə problemi həll edirmi?
Müştəri şikayətində məhsulun təmiri ilə bağlı üzləşdiyi çətinliklərdən də danışıb. Onun sözlərinə görə, problem yarananda şirkətə müraciət edilməsi və məhsulun servisə aparılması tövsiyə olunur, lakin servis məsələnin həllində kömək etmir.
O, həmçinin əlavə ödəniş qarşılığında zəmanət müddətinin uzadılmasının təklif edilməsini tənqid edib. Müştərinin fikrincə, şirkətlər ilk növbədə satdıqları məhsulların keyfiyyətinə və uzunmüddətli istifadəyə yararlı olmasına diqqət yetirməlidirlər.
“Mal gətirəndə, mal satanda elə mal satın ki, heç olmasa beş il insanın əlindən tutsun. Mən hələ 13 ayın pulunu ödəməmişəm, artıq işləmir, qırıq vəziyyətdədir”, – deyə o bildirib.
Burada əsas məsələ təkcə bir tozsoranın sıradan çıxması deyil. Söhbət istehlakçının ödədiyi pulun qarşılığında keyfiyyətli məhsul əldə etmək, problem yarandıqda isə real həll yolu ilə təmin olunmaq hüququndan gedir.
Müştərinin şikayətində göstərilən problemlərin hansı səbəbdən yarandığı, hər iki cihazın texniki vəziyyətinin yoxlanılıb-yoxlanılmadığı və məsələnin hansı formada həll ediləcəyi hələlik məlum deyil.
İstehlakçıların məişət texnikası alarkən əsas gözləntisi sadədir: aldıqları məhsul işləsin, nasazlıq yarandıqda isə məsul tərəf problemi aradan qaldırmaq üçün konkret addım atsın. Kredit ödənişləri davam etdiyi halda məhsulun istifadəyə yararsız vəziyyətə düşməsi isə müştərinin narazılığını daha da artırır.
İndi əsas sual budur: müştərinin şikayətində göstərilən problemlər araşdırıldıqdan sonra “Kontakt Home” konkret hansı addımları atacaq?
19:37 20.10.2026
Oxunuş sayı: 131