Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib
Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçi qəbul edib.
Crossmedia.az xəbər verir ki, görüşdə Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli əlaqələrin inkişafındakı rolu vurğulanıb.
İqtisadi-ticarət əlaqələri çərçivəsində ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyi qeyd edilib. Ənənəvi və alternativ enerji, rəqəmsal inkişaf, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın strateji roluna toxunularaq, Orta Dəhlizin imkanlarından yararlanmağın, eləcə də beynəlxalq və regional platformalarda qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Xorvatiya tərəfi ölkəsində minatəmizləmə işlərinin cari ilin martında başa çatdığını bildirərək, bu istiqamətdə Azərbaycana lazımi dəstəyi göstərməyə hazır olduğunu ifadə edib.
Xorvat iş adamları Azərbaycandakı əlverişli biznes mühitindən, o cümlədən Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından yararlanmağa, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası layihələrində fəal iştirak etməyə dəvət olunublar.
Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gün Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.
18:19 20.10.2026
Oxunuş sayı: 236