Aİ Arktikada buzqıran gəmi donanmasını genişləndirəcək
Avropa İttifaqı (Aİ) Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi və strateji mövqeyinin möhkəmləndirilməsi məqsədilə buzqıran gəmi donanmasının yaradılması və genişləndirilməsini nəzərdə tutan yeni strategiya hazırlayıb.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Yeni Arktika strategiyası Avropanın şimal bölgələrində artan təhlükəsizlik, iqlim və iqtisadi çağırışlara cavab vermək məqsədi daşıyır.
Sənədə əsasən, Aİ Arktikada təhlükəsizliyin, dayanıqlı inkişafın və iqtisadi rifahın təmin olunmasını hədəfləyir. Bu prosesdə yerli icmaların və yerli xalqların maraqlarının qorunmasına xüsusi diqqət yetiriləcək.
Brüssel Aİ-yə üzv ölkələr və müttəfiq dövlətlər arasında buzqıran gəmilərin birgə satın alınması, resursların birləşdirilməsi və qarşılıqlı istifadəsi mexanizmlərini tətbiq etməyi planlaşdırır.
Buzqıran gəmilərdən mülki gəmiçiliklə yanaşı, potensial hərbi əməliyyatların təmin edilməsində də istifadə olunması nəzərdə tutulur.
"Aİ Arktikadakı sənaye potensialını və əməliyyat ehtiyaclarını qiymətləndirəcək, texnoloji liderliyini gücləndirəcək, müasir buzqıran gəmilərin Avropa üzrə əlçatanlığını artırmaq üçün birgə satınalmaları və resursların bölüşdürülməsini dəstəkləyəcək", – deyə sənəddə bildirilir.
Strategiya çərçivəsində 2027-ci ildə Arktikanın peyk vasitəsilə monitorinqi proqramının işə salınması, Qrenlandiyaya təhlükəsiz sualtı kabel xəttinin çəkilməsi və hərbi monitorinq imkanlarının gücləndirilməsi də planlaşdırılır.
Bundan əlavə, dəniz təhlükəsizliyinə nəzarət mərkəzinin yaradılması və kritik infrastrukturun, xüsusilə sualtı kommunikasiya xətlərinin mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.
Yeni strategiyada Arktika şelfində karbohidrogen ehtiyatlarının hasilatı ilə bağlı mövqeyə də müəyyən dəyişiklik edilib. Norveçin mövqeyi nəzərə alınaraq regionda neft və qaz hasilatına beynəlxalq qadağa tətbiq edilməsi təşəbbüsündən imtina olunub. Bununla belə, Aİ Arktikada yeni karbohidrogen yataqlarının işlənməsinə qarşı mövqeyini saxlayır.
Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl Rusiya və Çinin Arktika regionunda üstün mövqe qazanmasının qarşısını almağın vacibliyini vurğulayıb.
17:48 20.10.2026
Oxunuş sayı: 162