Bu virus əsasən 10 yaşadək uşaqları hədəf alır
Koksaki virusuna yoluxma zamanı qusma, ishal, yüksək hərarət, boğaz ağrısı və ağız boşluğunda səpgilər müşahidə oluna bilər.
Crossmedia.az xəbər verir ki, "Radio 1" bu barədə Dubna Xəstəxanasının baş həkiminin müavini, infeksionist Sergey Ryabova istinadən məlumat yayıb.
Həkim bildirib ki, Koksaki virusunun simptomları müxtəlifdir və xəstəliyə yoluxan şəxslərin həkim nəzarətində olması vacibdir.
Onun sözlərinə görə, infeksiyadan qorunmağın əsas yollarından biri şəxsi gigiyena qaydalarına ciddi riayət etməkdir.
"Əsas profilaktik tədbir sadə gigiyena qaydalarına ciddi əməl etməkdir. Əlləri tez-tez yumaq, meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl yaxşıca təmizləmək lazımdır", – deyə Sergey Ryabov bildirib.
Tibb elmləri doktoru, terapevt-immunoloq və xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov isə qeyd edib ki, virusa əsasən 10 yaşadək uşaqlar yoluxurlar.
Onun sözlərinə görə, uşağın yaşı nə qədər azdırsa, xəstəliyin əlamətlərini keçirməsi bir o qədər çətin ola bilər.
Mütəxəssis bildirib ki, infeksiya burun-udlaq nahiyəsinə və beyin qişalarına təsir göstərə, bəzi hallarda meningit əlamətlərinə səbəb ola bilər.
Həkim virusun ürək, qaraciyər və böyrəklərdə də ağırlaşmalar yarada biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, infeksiya hava-damcı yolu ilə, həmçinin çirklənmiş qida və yuyulmamış əllər vasitəsilə yayıla bilər.
Bu arada, Rusiyanın bir neçə regionunda valideynlər uşaqlar arasında Koksaki virusuna yoluxma halları barədə məlumat veriblər.
Ehtimal olunur ki, bəzi uşaqlar virusa xaricdən qayıdan həmyaşıdları ilə təmas nəticəsində yoluxublar. Lakin bu ehtimal hələ təsdiqlənməyib.
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) də uşaq bağçalarında Koksaki virusunun yayılması ilə bağlı məlumatlara münasibət bildirib.
17:14 20.10.2026
Oxunuş sayı: 252