Polşa Ukraynadan dron insidentinə görə izahat tələb edir
Polşa hökuməti ölkənin hava məkanından keçərək Litva ərazisinə düşən Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) ilə bağlı Kiyevdən rəsmi izahat tələb edib.
Crossmedia.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə hökumət dəftərxanasının rəsmi "YouTube" kanalında yayımlanan çıxışında bildirib.
Baş nazir hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün Ukrayna tərəfinin istintaqla tam əməkdaşlıq etməli olduğunu vurğulayıb.
"Ümid edirəm ki, Ukrayna tərəfi əslində nə baş verdiyini dəqiq müəyyənləşdirmək üçün əməkdaşlığa tam hazır olacaq", – deyə Tusk bildirib.
Onun sözlərinə görə, Varşava insidentlə əlaqədar Kiyevdən izahat tələb etməkdə israrlı olacaq.
Polşa hökumətinin başçısı qeyd edib ki, ölkə ərazisində və ya hava məkanında Varşavanın razılığı olmadan hər hansı əməliyyatın keçirilməsinə icazə verilmir.
"Bu prinsip əməliyyatın kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq dəyişməz qalır", – deyə o əlavə edib.
Bundan əvvəl Litvanın Baş naziri Mindauqas Sinkyaviçyus oktyabrın 18-də ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatının Ukraynaya məxsus olduğunu bildirib.
O, dronun Litva ərazisinə Polşa istiqamətindən daxil olduğunu açıqlayıb.
Oktyabrın 18-də Litva hakimiyyəti hava məkanının pozulması ilə bağlı araşdırmaya kömək göstərilməsi üçün Polşaya müraciət edib.
Məlumata görə, pilotsuz uçuş aparatının qalıqları Litvanın şimalında yerləşən Pasvalis rayonunda aşkarlanıb.
Xatırladaq ki, Donald Tusk daha əvvəl Avropada pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artmasının hərbi qarşıdurma riskini yüksəltdiyi barədə xəbərdarlıq etmişdi.
17:43 20.10.2026
Oxunuş sayı: 196