Cənubi Koreyada gözlənilməz təklif: Qadınlar da əsgərliyə çağırıla bilər
Cənubi Koreyada hərbi xidmətə yararlı kişilərin sayının azalması qadınların da məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ölkədə ordunun şəxsi heyətlə təminatında yaranan çətinliklərə görə hərbi xidmət sisteminin dəyişdirilməsi təklif olunur.
Crossmedia.az xəbər verir ki, “The Korea Times” bu barədə məlumat yayıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi xidmətə yararlı kişilərin sayı 2019-cu ildə 332 min nəfər olduğu halda, 2022-ci ildə 257 min nəfərə düşüb. Nazirliyin proqnozlarına əsasən, bu rəqəm 2035-ci ildə 228 minə, 2043-cü ildə isə 120 min nəfərə qədər azalacaq.
Bu vəziyyətdə ölkədə qadınların da məcburi hərbi xidmətə çağırılması təklif edilir. İslahat Partiyasından olan deputat Çun Ha-ram həm kişilər, həm də qadınlar üçün bərabər hərbi mükəlləfiyyət sisteminin tətbiqini müdafiə edir.
Duksunq Qadın Universitetinin professoru Pak Cin-su isə ənənəvi formada qadınların məcburi hərbi xidmətə cəlb edilməsini köhnəlmiş yanaşma hesab edir. Onun fikrincə, müasir müharibələrin xüsusiyyətləri nəzərə alınmalı, ilk mərhələdə qadınların sıravi əsgər kimi könüllü xidmət etməsinə şərait yaradılmalıdır. Professor, həmçinin orduda maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını təklif edir. Bu addımların peşəkar zabitləri və texniki mütəxəssisləri hərbi xidmətə cəlb etməyə kömək edəcəyi düşünülür.
Qeyd edək ki, qadınların məcburi hərbi xidmətə cəlb edilməsi məsələsi Ukraynada da müzakirə olunub. ABŞ-də isə qadınların ordunun döyüş bölmələrində xidmət etməsinə imkan verilib.
18:24 20.10.2026
Oxunuş sayı: 212