Deputat: Zəngilanda görülən işlər Azərbaycanın dövlət gücünün nümayişidir
20 oktyabr Azərbaycanın müasir dövlətçilik və hərb tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın zəfər salnaməsinə qızıl hərflərlə yazılmış Zəngilan Şəhəri Günüdür. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 27 illik işğala son qoyaraq Zəngilan şəhərini düşmən tapdağından azad edib. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geoiqtisadi və nəqliyyat-logistika reallıqlarının təməlinin qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edir. Otuz ilə yaxın müddətdə viran qoyulmuş, vandalizmə məruz qalmış Zəngilan bu gün Böyük Qayıdışın, yaşıl enerjinin və "ağıllı" şəhərsalma strategiyasının flaqmanına çevrilib. Ağalı kəndində uğurla reallaşdırılan "Ağıllı kənd" layihəsi, beynəlxalq hava limanının istifadəyə verilməsi və strateji kommunikasiya xətlərinin çəkilməsi Zəngilanı regional iqtisadiyyatın drayverinə dönüştürüb. Əsl dirçəliş isə doğma yurdlarından perik düşmüş soydaşlarımızın təhlükəsiz və firavan şəkildə ata-baba ocaqlarına dönməsi ilə reallığa çevrilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev 20 oktyabrın tarixi və strateji mahiyyətini ətraflı şərh edib:
"20 oktyabr Azərbaycan tarixində mümüm əhəmiyyət daşıyan, xalqımızın qürur və Zəfər salnaməsinə yazılmış əlamətdar günlərdən biridir. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Bu tarixi qələbə ərazi bütövlüyümüzün bərpası yolunda mühüm addım oldu. Bu gün Zəngilan azadlığın, yenidənqurmanın və Böyük Qayıdışın rəmzinə çevrilir. Uzun illər işğal altında qalan və ciddi dağıntılara məruz qalan şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və sosial obyektlərin inşası Zəngilanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır".
Millət vəkili regionun iqtisadi modelini və sosial həyatın bərpasını xüsusi vurğulayıb:
"Rayonun Ağalı kəndində həyata keçirilən 'Ağıllı kənd' layihəsi işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma və dayanıqlı inkişaf modelinin uğurlu nümunəsidir. Eyni zamanda, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yeni iqtisadi layihələrin reallaşdırılması və iş yerlərinin yaradılması Zəngilanın iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma torpaqlarına qayıtması bu prosesin ən mühüm nəticələrindəndir. Çünki əsl dirçəliş yalnız şəhərlərin yenidən qurulması deyil, həmin ərazilərdə həyatın bərpası, insanların doğma yurdlarında təhlükəsiz və firavan yaşamasının təmin edilməsidir".
Tural Gəncəliyev bərpa prosesinin şəhidlərimizin ruhuna ehtiram olduğunu bildirərək fikrini yekunlaşdırıb:
"Zəngilanda aparılan quruculuq işləri Azərbaycanın dövlət gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış strateji siyasətini nümayiş etdirir. Bu proses Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. 20 Oktyabr – Zəngilan Şəhəri Günü həm də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığını ehtiramla yad etdiyimiz gündür. Bu gün Zəngilanın yenidən qurulması onların fədakarlığının nəticəsi olan tarixi Zəfərin davamıdır. Dünən dağıntılarla üzləşən şəhər bu gün dirçəlişin, qayıdışın və yeni inkişaf mərhələsinin rəmzinə çevrilir. Zəngilanın timsalında Azərbaycan bir daha sübut edir ki, azad edilmiş torpaqlarımızı bərpa etmək, orada həyatı yenidən canlandırmaq və gələcək nəsillərə firavan yurdlar bəxş etmək əzmindədir".
Zeynəb Həsən
17:45 20.10.2026
Oxunuş sayı: 197