Xəzər dənizində suyun azalması iqtisadi böhran - YARADACAQ
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi çay axınlarının azalması və buxarlanmanın artması ilə əlaqədardır. İqlim dəyişiklikləri, isti və quraq günlərin çoxalması, eləcə də dənizi qidalandıran əsas çaylarda su axınının azalması bu prosesə təsir göstərir. Xüsusilə Xəzərin su balansında mühüm rol oynayan Volqa çayında axının azalması dənizin gələcək vəziyyəti ilə bağlı narahatlıqları artırır. Su səviyyəsinin enməsi isə sahilyanı ərazilər, dəniz nəqliyyatı və ekosistemlər üçün yeni risklər yaradır.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasına ən çox təsir edən amillərdən biri çay axınlarının azalması, digəri isə buxarlanmanın artmasıdır:

“Xəzər dənizinin su balansı üç amildən asılıdır: çay axınları, atmosfer yağıntıları və buxarlanma. Qlobal iqlim dəyişikliklərinin təsiri ilə buxarlanma artıb, çay axınlarında isə azalma baş verib. Xəzər dənizini qidalandıran əsas çay Volqadır. Kür, Ural və Terek çaylarında da axınların azalması müşahidə olunur. Buxarlanmanın artması ilə çay axınlarının azalması Xəzər dənizinin səviyyəsinin enməsinə ciddi təsir göstərir”.
S.Həsənov qeyd edib ki, Xəzər dənizinə daxil olan çay axınlarının artırılması ilə bağlı müzakirələr aparılsa da, bu istiqamətdə əhəmiyyətli irəliləyiş yoxdur:
“Xüsusilə Rusiya ərazisində Volqa çayının su ehtiyatlarından təsərrüfat məqsədləri üçün istifadə olunur, su anbarlarında su toplanır. Eyni zamanda, Xəzər dənizinə sənaye, çirkab və məişət sularının axıdılması onun çirklənməsinə təsir edir. Xəzərin şimal hissəsində, xüsusilə Rusiya və Qazaxıstan sahillərində dəniz daha dayaz olduğuna görə quruma prosesi daha sürətlə gedir. Dənizə daxil olan su axınının sabitləşdirilməsi istiqamətində dövlət səviyyəsində daha ciddi tədbirlərə ehtiyac var”.
Ekoloq Xəzər dənizinin səviyyəsinin enməsinin yaxın onilliklərdə də davam edə biləcəyini diqqətə çatdırıb:
“Xəzər dənizinin səviyyəsinin azalması həm Azərbaycan, həm Rusiya, həm də Qazaxıstan üçün ciddi iqtisadi və ekoloji risklər yarada bilər. Dənizin dayazlaşması gəmilərin hərəkətinə və platformalara yan almasına çətinlik törədəcək. Bu səbəbdən gələcəkdə əlavə tədbirlərin görülməsinə və müəyyən vəsait ayrılmasına ehtiyac yarana bilər”.
Nuray Mehtiyeva
12:00 20.10.2026
Oxunuş sayı: 152