“Şimal axını” işi: Ukrayna vətəndaşına 15 ilədək həbs cəzası verilə bilər
“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılmasını təşkil etməkdə ittiham olunan Ukrayna vətəndaşı Sergey Kuznetsovu Almaniyada 15 ilədək həbs cəzası gözləyə bilər.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə onun vəkili Nikola Kanestrininin açıqlamasına istinadən məlumat yayıb.
Oktyabrın 14-də Hamburq Ali Torpaq Məhkəməsində Kuznetsovun işi üzrə ilk iclas keçirilib. O, qaz kəmərlərinin partladılmasının əlaqələndirilməsində ittiham olunur. Növbəti məhkəmə iclası oktyabrın 27-nə təyin edilib.
Vəkil bildirib ki, 15 ilədək həbs cəzası Almaniya qanunvericiliyində nəzərdə tutulan mümkün cəza həddidir. O, Kuznetsovun təqsirsizlik prezumpsiyasından yararlandığını vurğulayıb.
Kanestrininin sözlərinə görə, müdafiə tərəfi ittihamın həm faktiki, həm də hüquqi əsaslarını mübahisələndirir. Müdafiənin etirazlarından biri ekstradisiya edilən şəxsin yalnız təhvil verilməsinə icazə verilmiş ittihamlar üzrə cinayət təqibinə məruz qala bilməsi prinsipinin pozulması ilə bağlıdır.
“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da Baltik dənizində baş verib. Dənizin təxminən 80 metr dərinliyində boru xətlərinin dörd qolundan üçü zədələnib.
Kuznetsovun müdafiə tərəfi ona qarşı irəli sürülən ittihamları rədd edir.
10:54 20.10.2026
Oxunuş sayı: 58