Bakıda kibertəhlükəsizlik üzrə VIII Zirvə Toplantısı keçirilir
Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: süni intellekt dövründə dəyərlər və təhlükəsizlik" mövzusuna həsr olunub.
Zirvə Toplantısında dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və mütəxəssislər, eləcə də beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbirdə süni intellektin dövlət idarəçiliyində tətbiqi, yaratdığı imkanlar və yeni kibertəhlükələr, məlumatların idarə olunması, habelə süni intellektlə əlaqəli risklərin müəyyənləşdirilməsi və idarə olunması məsələləri müzakirə ediləcək. Azərbaycan və Avropa təcrübəsi, süni intellektin təhlükəsiz tətbiqi, kibermüdafiə imkanlarının gücləndirilməsi və etibarlı rəqəmsal dövlət prinsiplərinin tətbiqi istiqamətləri diqqət mərkəzində olacaq.
Zirvə Toplantısı informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və süni intellekt dövrünün yaratdığı risklərə qarşı dayanıqlı yanaşmaların təşviqi baxımından əhəmiyyət daşıyır.
10:13 20.10.2026
Oxunuş sayı: 101