Bu meyvələr qocalmanın qarşısını alır - Həkim
İnsan ömrünün uzadılması və yaşlanma prosesinin ləngidilməsi ilə bağlı elmi araşdırmalarda hüceyrələrin qorunması mexanizmləri xüsusi diqqət çəkir. Bu baxımdan, xromosomların uclarında yerləşən və hüceyrə bölünmələri zamanı tədricən qısala bilən telomerlər bioloji yaşlanmanın öyrənilməsində mühüm göstəricilərdən biri hesab olunur. Telomerlərin qısalması yaşlanma ilə əlaqələndirilsə də, bu prosesə qidalanma, həyat tərzi və digər bioloji amillər də təsir göstərə bilər. İspaniyada aparılan araşdırmada polifenollarla zəngin qidalanma ilə telomerlərin qısalma riskinin azalması arasında mümkün əlaqə müəyyən edilib. Meyvə, tərəvəz, çay, zeytun yağı və digər bitki mənşəli məhsullarda rast gəlinən polifenollar antioksidant xüsusiyyətləri ilə seçilir. Bununla belə, müşahidə olunan əlaqə səbəb-nəticə münasibətini təsdiqləmir və polifenolların insanlarda qocalmanı birbaşa ləngitdiyini demək üçün əlavə elmi sübutlara ehtiyac var.
Terapevt Nərminə Abbasova Crossmedia.az-a açıqlamasında sürətli qocalmanın səbəblərindən və sağlam qocalma üçün diqqət edilməli məqamlardan danışıb.

Həkim bildirib ki, qocalma prosesi hər kəsdə eyni sürətlə getmir və bəzi amillər bu prosesi sürətləndirə bilər: “İnsan orqanizminin qocalması fizioloji baxımdan təbii prosesdir. Sadəcə ləng və sürətli qocalma fərqləndirilir. Stress, depressiya, vitamin və digər qida maddələrinin çatışmazlığı, eləcə də xroniki xəstəliklər orqanizmin ümumi vəziyyətinə təsir göstərir. "D" vitamini, "A" və "E" vitaminləri, sink, selen və omeqa yağ turşularının çatışmazlığı da sağlamlıq baxımından əhəmiyyətli amillərdəndir”.
Nərminə Abbasovanın sözlərinə görə, sağlam qocalma üçün xroniki xəstəliklərə vaxtında diqqət yetirmək və gündəlik həyat rejimini tənzimləmək vacibdir: “Xroniki xəstəliklərin vaxtında aşkarlanması, profilaktik tədbirlərin görülməsi və zərurət yarandıqda müalicənin aparılması onların ağırlaşma riskini azaltmağa kömək edir. Orqanizmdə mövcud olan xəstəliklərə laqeyd yanaşmaq olmaz. Sağlam yaşamağa üstünlük vermək, düzgün qidalanmaq və yuxu rejiminə əməl etmək vacibdir”.
Terapevt qeyd edib ki, stressdən tamamilə uzaq yaşamaq hər zaman mümkün olmasa da, onun təsirlərini azaltmaq üçün həyat tərzində müəyyən dəyişikliklər etmək olar: “Biz insanıq və gündəlik həyatımızda stresslə, gərginliklə qarşılaşırıq. Əsas məsələ bunları mümkün qədər balansda saxlamaqdır. Düzgün qidalanma, normal yuxu rejimi və daha sağlam həyat tərzi orqanizmin vəziyyətinə müsbət təsir göstərə bilər. Meyvə və tərəvəzlərdən düzgün istifadə etmək də sağlam qidalanmanın vacib hissəsidir”.
Nərminə Abbasova immun sisteminin fəaliyyətinin də sağlamlıq baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, orqanizmin ümumi vəziyyətini qorumaq üçün qidalanma və həyat tərzi ilə yanaşı, mövcud sağlamlıq problemlərinə də diqqət yetirilməlidir.
Nigar Xəlilli
13:00 20.10.2026
Oxunuş sayı: 55