Trampın “Sülh planı”nın arxasında nə var? – Politoloqdan ŞOK İDDİALAR
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Görüş BMT Baş Assambleyasının keçirildiyi günlərdə baş tutub və tərəflər Rusiya-ABŞ əməkdaşlığı, eləcə də Ukrayna müharibəsinin diplomatik yolla həlli məsələlərini müzakirə ediblər. Dmitriyevin Uitkoff və Kuşnerlə görüşü Moskva ilə Vaşinqton arasında Ukrayna müharibəsi ilə bağlı təmasların davam etdiyi bir vaxtda keçirilir. Görüşün nəticələri və danışıqların növbəti mərhələdə hansı istiqamətdə davam edəcəyi diqqət çəkir.
Crossmedia.az-a açıqlamasında politoloq Azad Məsiyev Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-nin siyasətini və Donald Trampın atəşkəs təşəbbüsünü şərh edib. O, Vaşinqtonun Rusiya ilə bağlı strategiyasının dəyişmədiyini və hazırkı danışıqların müvəqqəti xarakter daşıdığını düşünür: “Amerika Birləşmiş Ştatları Rusiyanı düşmən elan edib. Rusiyanın hərbi gücü və Rusiyanın varlığı Amerikanın imperatorluğu üçün təhlükədir. Uzun müddətdir ki, Amerika Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün Rusiya ətrafında qaynar ocaqlar yaradır, demokratiya ideyası altında Rusiyaya yaxın olan dövlətlərdə dövlət çevrilişi edərək özlərinə münasib hakimiyyət qurur və həmin hakimiyyəti Rusiya əleyhinə istifadə edir”.

Azad Məsiyev hesab edir ki, ABŞ-də hakimiyyətdə olan siyasi qüvvədən asılı olmayaraq, bu strategiyanın dəyişmədiyini düşünür: “Hadisələrin gedişi onu göstərir ki, Amerika Birləşmiş Ştatlarında kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər respublikaçılar, istərsə də demokratlar hakimiyyətdə olsun, bu strategiya dəyişməz olaraq qalır. Fərqli taktiki gedişlər edilə bilər, amma strategiya toxunulmazdır və onu həyata keçirmək üçün fəaliyyət göstərilir”.
Politoloq Rusiya-Ukrayna müharibəsinin də ABŞ-nin strateji planının tərkib hissəsi olduğunu iddia edib: “Rusiya-Ukrayna münaqişəsi də Amerikanın strateji planının tərkib hissəsidir. Çünki Amerikanın imperatorluğuna təhlükə yaradan Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək üçün bu münaqişənin bilərəkdən yaradıldığını düşünürəm. Hətta Amerika prezidenti Tramp açıq şəkildə bəyan etdi ki, münaqişəni Bayden yaradıb. Bayden isə Amerika Birləşmiş Ştatlarının prezidenti idi və Amerika strategiyasını həyata keçirən bir şəxsdir”.
Azad Məsiyev müharibədə Rusiyanın hərbi və siyasi baxımdan üstün mövqedə olduğunu düşünür: “Yaranmış situasiya onu göstərir ki, hərbi münaqişədə Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalib tərəfdir. Yaranmış vəziyyətdən çıxış üçün Tramp fərqli taktikanı işə salıb. Ukraynanın prezidenti Zelenski də açıq şəkildə bəyan edib ki, Ukrayna yorulub, silah təchizatında çətinliklər çəkir. Avropa Birliyinə daxil olan dövlətlər də maliyyə yardımı ayırmaqda tərəddüd edirlər və yardımlar azalıb. Eyni zamanda, Rusiya hərbi qüvvələrinin Ukraynanın dərinliklərinə doğru irəlilədiyini düşünürəm”.
Onun sözlərinə görə, hazırda əsas məqsəd atəşkəsə nail olmaqdır: “Vəziyyətdən çıxış üçün hələlik dialoq və danışıqlar məsələsini gündəmə gətirməklə atəşkəs əldə etmək istəyirlər. Amerika Birləşmiş Ştatlarının prezidenti Trumpın təşəbbüsü ilə Rusiyanı atəşkəsə razı salmağa çalışırlar. Bu atəşkəs isə müvəqqəti taym-autdur. Yəni Ukraynanın əli güclənsin, sonradan yeni, növbəti münaqişəni başlatmaqla Ukraynanın uğur əldə etməsi üçün vaxt qazansınlar. Rusiya tərəfi də bunu anlayır və müvəqqəti atəşkəsdən yox, məsələnin birdəfəlik və köklü şəkildə həllindən yana özünəməxsus şərtlər irəli sürür”.
Politoloq Trampın münaqişəni tamamilə dayandırmasının ABŞ daxilində siyasi nəticələrinin ola biləcəyini də iddia edib: “Əslində Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp sözün həqiqi mənasında bu münaqişəni dayandırarsa, onda Trampın impiçment məsələsi gündəmə gələr. Çünki Trampın bu münaqişəni dayandırması Amerika Birləşmiş Ştatlarının strategiyasına qarşı getmək deməkdir. Belə olan təqdirdə Amerika dövlətinin, ‘dərin dövlətinin’ və bu strategiyanı hazırlayan qrupun maraqlarına uyğun deyil ki, münaqişə dayansın”.
Azad Məsiyev Trampın sülh təşəbbüsünün ABŞ-dəki aralıq seçkiləri ilə əlaqəli olduğunu düşünür: “Trampın bu işdə aktiv fəaliyyəti ona görədir ki, görüntü xarakteri daşıyır. Tramp çalışır ki, Konqresə aralıq seçkiləri ərəfəsində sülh təşəbbüsünü nümayiş etdirsin və Amerika ictimaiyyətinə bunun Amerikanın fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs olduğu təbliğatı aparılsın. Çünki Tramp hakimiyyətə gəlməzdən qabaq, seçkilər ərəfəsində bəyan etmişdi ki, Ukrayna münaqişəsini hakimiyyətə gələrsə, iki ay müddətində, qısa bir zamanda aradan qaldıracaq. Amma hadisələrin gedişi göstərir ki, bu münaqişə aradan qaldırılmadı”.
O, müharibənin uzanmasında Qərbin və NATO-nun roluna dair öz mövqeyini də açıqlayıb: “Əslində isə münaqişəni körükləyən elə Amerika Birləşmiş Ştatlarıdır. Münaqişəni körükləyən Qərbdir, NATO blokudur. Son vaxtlar Avropa ilə Rusiya arasında savaşın olacağı barədə psixoloji müharibə və təbliğat gedir. Bu da təsadüfi deyil”.
Politoloq hesab edir ki, ABŞ-nin əsas məqsədlərindən biri Rusiya ilə Avropa arasındakı münasibətləri zəiflətməkdir: “Fikrim budur ki, Trampın son vaxtlar apardığı sülh danışıqları təşəbbüsü həm Amerika auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə təbliğat xarakterli görüntüdür. Əslində münaqişənin dayandırılması Amerikanın marağında deyil. Münaqişə nə qədər uzanarsa, Rusiyanın hərbi gücünün zəifləməsinə hesablanmış bir siyasətdir. Amma məsələ burasındadır ki, münaqişə uzandıqca ən böyük ziyanı Ukrayna xalqı, ən böyük ziyanı Avropa Birliyi çəkir”.
Azad Məsiyev Ukraynanın müharibə nəticəsində ciddi itkilərlə üzləşdiyini bildirib: “Ukraynanın infrastrukturu dağıdılır, insan tələfatı ilə nəticələnir, eyni zamanda iqtisadi baxımdan böyük ziyanlar dəyir və torpaqları işğal olunur. Avropa hissəsində də iqtisadi baxımdan çətinliklər yaranır. Çünki Amerika Birləşmiş Ştatlarının planında Rusiya-Ukrayna münaqişəsini yaratmaqla Avropa ilə Rusiya arasında münasibətləri gərginləşdirmək, əlaqələri kəsmək və nəticədə Avropa dövlətləri ilə Rusiya arasında savaşın başlamasına gətirib çıxarmaq var”.
O, ABŞ-nin digər regionlardakı siyasətini də bu yanaşma ilə əlaqələndirib: “Amerikanın məqsədi dünyada xaos yaradıb həmin xaosun fonunda öz maraqlarını həyata keçirməkdir. Fikir verirsinizsə, istər Venesuelada baş verən hadisələr, istər Yaxın Şərqdə baş verən hadisələr, istər İranla aparılan hərbi əməliyyatlar, istər Çin və Tayvan ətrafında baş verən proseslər, Sakit okean hövzəsində gedən hadisələr göstərir ki, Amerika dünyada xaos və münaqişə yaradaraq bunun fonunda öz maraqlarını həyata keçirmək istəyir”.
Sonda politoloq Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı mövqeyini bildirib: “Bu baxımdan hazırda Ukrayna ilə Rusiya arasında aparılan danışıqlar, dediyim kimi, görüntü xarakterlidir və müvəqqəti atəşkəs əldə etmək strategiyasıdır. Bu strategiya isə Rusiyanın maraqlarına uyğun deyil. Məsələnin köklü həlli üçün Rusiyanın şərtləri var. O şərtlərin qəbul edilməsi vacibdir. Amma Rusiyanın şərtləri birmənalı şəkildə Zelenski tərəfindən rədd edilir, qəbul edilmir. Bu da münaqişənin uzanmasına gətirib çıxarır”.
Azad Məsiyev hesab edir ki, tərəflərin mövqeləri dəyişmədiyi müddətdə münaqişənin qısa müddətdə dayandırılması real görünmür: “Birmənalı şəkildə deyə bilərəm ki, bu münaqişədə nə qədər ki, Zelenski hakimiyyətdədir, məsələnin həlli qeyri-mümkündür. Çünki Zelenski hakimiyyətdən gedərsə, onun barəsində cinayət işi açılacağını düşünürəm və onun taleyi özü də bir qədər sual altındadır. Ona görə də Zelenski çalışır ki, münaqişəni atəşkəs fonunda əldə etsin və yenidən hərbi nöqteyi-nəzərdən güclənsin, növbəti hərbi əməliyyatın başlanması üçün vaxt qazansın. Hesab edirəm ki, bu münaqişənin qısa bir müddətdə dayandırılması real görünmür”.
Nigar Xəlilli
14:00 25.09.2026
Oxunuş sayı: 40