Tramp mediaya qarşı səhv etdiyini anladı
ABŞ Prezidenti Donald Trampın bəzi media qurumlarının Ağ Evə girişini məhdudlaşdırması ölkədə hakimiyyət-media münasibətlərini yenidən gündəmə gətirib. Sentyabrın 19-da CNN, MS NOW və “Politico” jurnalistlərinin Ağ Ev ərazisinə girişinə icazə verilməyib və onların mətbuat vəsiqələri deaktiv edilib. Üç media qurumu isə bu qərardan sonra ABŞ federal məhkəməsinə müraciət edib. Tramp bu addımı həmin media qurumlarının onun administrasiyası barədə “saxta xəbərlər” yayması ilə əsaslandırıb. Məsələ artıq məhkəmə müstəvisinə daşındığından, Ağ Evin media qurumlarına girişlə bağlı səlahiyyətlərinin sərhədləri və hökumətin jurnalistlərin fəaliyyətinə müdaxiləsinin hüquqi çərçivəsi də müzakirə olunur.
Crossmedia.az-a açıqlamasında professor Qulu Məhərrəmli ABŞ Prezidenti Donald Trampın mediaya münasibətinin ölkədə söz və ifadə azadlığı, media azadlığı və demokratik prinsiplərlə bağlı ciddi müzakirələr yaratdığını bildirib:

“Donald Trampın hakimiyyətə gəlməsinin ilk günlərində, yəni prezident seçilməsindən dərhal sonra mediaya hücum çəkməsi, bir sıra qəzetlərlə, o cümlədən dünyada məşhur olan CNN telekanalı ilə konfliktə girməsi onu göstərdi ki, ABŞ-nin yeni prezidentinin media cəmiyyəti, media azadlığı, ifadə azadlığı və medianın cəmiyyətdə tutduğu mövqe məsələləri ilə bağlı ciddi problemləri var. Nə qədər demokratik ölkə nümunəsi olsa da, Trampın bu yanaşmalarında birbaşa inzibati-amiranəlik var. O, mətbuatı xidmətçi qismində görməyə çalışır. Amma inkişaf etmiş, formalaşmış və oturuşmuş media bu yanaşmanı, bu tərzi qəbul etmir”.
Qulu Məhərrəmli daha sonra Trampın müəyyən məsələlərdə mövqeyini yumşaltmasının da diqqət çəkdiyini bildirib: “Sonradan Trampın yumşalması, Amerikanın Səsi, Azadlıq Radiosu ilə bağlı problemlərə bir qədər liberal yanaşması, onların fəaliyyəti ilə bağlı məhdudiyyətlərin götürülməsi onu göstərir ki, Tramp ilk addımlarında səhv etdiyini duyub”.
Professor hazırda məsələnin yenidən gündəmə gəlməsinin ABŞ-də demokratik prinsiplərlə bağlı müzakirələri aktuallaşdırdığını bildirib: “İndi yenidən bu məsələnin gündəmə gəlməsi bir daha onu göstərir ki, Amerika demokratiyasının əsası olan insan azadlığı, söz və ifadə azadlığı, azad bazar iqtisadiyyatı, azad seçkilər və sair, yəni demokratiyanın dayaqları sarsıdılmamalıdır. Ona görə də Trampın mediaya qarşı dava açmasının sonu yoxdur və bu, yalnız və yalnız istənilən siyasətçi üçün ciddi uğursuzluğa gətirib çıxara bilər. Yəni bu sahədə Trampın elə ciddi bir uğuru olmayacaq”.
Qulu Məhərrəmli Trampın sosial şəbəkələrdən istifadəsinə də diqqət çəkib: “Amma zərərli cəhətləri var. O da ondan ibarətdir ki, Amerika kimi azad mətbuatı olan bir ölkədə Tramp bir çox məsələləri sosial şəbəkələr vasitəsilə həll etməyə çalışır və bu da sosial şəbəkənin statusunun Amerikada qalxmasına xidmət edir. O da nəticə etibarilə ümumi demokratik jurnalistikanın zərərinə olan bir şeydir”.
Professor hesab edir ki, proseslərin normal məcraya qayıtması ABŞ mediasının mövqeyini qoruduğunu göstərə bilər: “Amma indi proseslər, hesab edirəm ki, normal məcraya düşəndən sonra Amerika mediası özünün sabit səviyyəsini saxlamış və nümayiş etdirmiş olacaq”.
Nigar Xəlilli
19:45 22.09.2026
Oxunuş sayı: 47