Rusiyada seçki, yoxsa formal proses? – “Nəticələr əvvəlcədən müəyyənləşdirilib”
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin ilkin hesablanması zamanı hakim “Yedinaya Rossiya” partiyası liderlik edir. Seçkilərdə 450 deputat mandatı uğrunda mübarizə aparılıb və səsvermə həm partiya siyahıları, həm də birmandatlı dairələr üzrə keçirilib.
Hazırkı nəticələr “Yedinaya Rossiya”nın Dövlət Dumasında mövqeyini qoruduğunu göstərir. Son hesablamalarda partiya siyahısı üzrə 95 faizdən çox səs sayılsa da, yekun nəticələrin elan olunması hələ gözlənilir. İlkin nəticələrə əsasən, partiya 57 faizdən çox səs toplayıb.
Crossmedia.az-a açıqlamasında politoloq Əli Mustafa Rusiyada keçirilən parlament seçkilərinin nəticələrinin ölkənin siyasi sistemində ciddi dəyişiklik yaradacağına dair əsas görmədiyini bildirib:
“Ümumiyyətlə, bu seçkilərdə 5 partiya iştirak edir. Birinci yerdə də ‘Vahid Rusiya’ partiyasıdır, yəni hakimiyyət partiyasıdır. Sadəcə olaraq bu seçkilər keçirilən vaxtı müharibədir. Əksər şəhərləri bombalandı, Ukraynanın dronları və raketləri də bu prosesdə iştirak elədi. Amma bununla belə hesab edirlər ki, seçkilər baş tutub”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Rusiyada seçkilərin obyektivliyi ilə bağlı beynəlxalq səviyyədə ciddi şübhələr mövcuddur: “Bəlkə də insanlar həqiqətən gəliblər, bəlkə də saxtalaşdırıblar. Bütün hallarda Rusiyadakı rejim mahiyyətcə elə bir rejimdir ki, orada seçkinin obyektivliyinə heç kim inanmır. Hamı hesab edir ki, bu formaldır, seçkinin nəticələri öncədən müəyyənləşdirilib, yazılıb, sonra da həyata keçirilib”.
Əli Mustafa qeyd edib ki, seçkidə iştirak edən siyasi qüvvələrin əksəriyyətinin hakimiyyətlə yaxın münasibətlərə malik olduğunu düşünür: “Orada xalqın güvənəcəyi, inanacağı başqa bir partiya yoxdur. Orada demək olar ki, hakimiyyətyönlü partiyalardır və yaxud da neçə illərdir, uzun illərdir elə eyni partiyalardır. Orada liberal-demokrat Jirinovskinin vaxtilə rəhbərlik etdiyi partiyadır, sonra ‘Ədalətli Rusiya’ partiyasıdır. Yəni bunlar hakimiyyətin özünün formalaşdırdığı 5 partiyadır”.
Politoloq hesab edir ki, seçkilər Rusiyanın siyasi sistemində fundamental dəyişiklik yaratmayıb: “Düşünürəm ki, bu seçkilər prinsipcə bu hakimiyyəti legitimləşdirmədi və ciddi bir şey də ifadə eləmir. Nə bu Rusiyadakı hakimiyyəti legitimləşdirir, nə də orada demokratiyaya doğru hansısa bir islahatların aparılmasına dair beynəlxalq aləmdə, ölkə daxilində ümidlər verdi”.
Nigar Xəlilli
20:50 21.09.2026
Oxunuş sayı: 49