Azərbaycanın ŞƏT-də iştirakı müstəqil xarici siyasətin göstəricisidir
Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirakı ölkənin beynəlxalq münasibətlər sistemindəki fəallığını bir daha nümayiş etdirib. Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycanın həm regional, həm də qlobal siyasi proseslərdə iştirak imkanlarının genişləndiyini göstərir. ŞƏT kimi geniş coğrafiyanı və dünyanın aparıcı siyasi və iqtisadi aktorlarını bir araya gətirən platformada Prezident səviyyəsində təmsil olunmaq Azərbaycanın xarici siyasəti baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər qarşılıqlı əməkdaşlığın inkişafı və yeni əlaqələrin qurulması üçün imkanlar yaradır. Azərbaycanın son illərdə həm Şərq, həm Qərb, həm də regional təşkilatlarla paralel şəkildə əlaqələrini inkişaf etdirməsi çoxşaxəli xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab olunur. Bu siyasət ölkənin milli maraqlarının müxtəlif beynəlxalq platformalarda müdafiə edilməsinə və yeni tərəfdaşlıq imkanlarının yaradılmasına xidmət edir. Azərbaycanın geosiyasi mövqeyi, nəqliyyat və enerji layihələrindəki rolu da ölkəyə beynəlxalq əməkdaşlıq sistemində əlavə üstünlüklər qazandırır.
Milli Məclisin Komitə sədri Musa Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirakı, keçirdiyi görüşlər və çıxışları həm Azərbaycanın xarici siyasəti, həm də qlobal siyasət baxımından mühüm əhəmiyyət daşıyır. "Azərbaycanın çoxşaxəli beynəlxalq siyasət yürütməsi ölkənin müstəqilliyinin bariz göstəricisidir. İlk növbədə bildirilməlidir ki, cənab Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirakı və keçirdiyi görüşlər həm ölkəmizdə, həm də dünya ictimaiyyətində böyük maraq doğurub və diqqətlə izlənilib. Cənab Prezidentin görüşləri və çıxışları bütövlükdə həm Azərbaycanın xarici siyasətinə, həm də qlobal siyasətə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan bu gün çoxşaxəli beynəlxalq siyasət yürüdür və belə bir xəttin izlənilməsi ölkənin müstəqilliyinin bariz göstəricisidir. Öz xalqına və liderinə arxalanaraq müstəqil qərarlar qəbul edən ölkənin siyasətində hər zaman çeviklik olur. Bu siyasət milli maraqlara xidmət edən müxtəlif platformalarda görüşlərin keçirilməsini və fəal iştirakı nəzərdə tutur".

Deputat qeyd edib ki, bu mənada Azərbaycanın həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm Qərb dövlətləri və qurumları, həm də Amerika Birləşmiş Ştatları və digər platformalarda ikitərəfli və çoxtərəfli əlaqələr qurması, fəal iştirak etməsi ölkənin müstəqilliyinin və beynəlxalq nüfuzunun göstəricisidir: "Cənab Prezidentin Şanxay görüşlərində yüksək səviyyədə qarşılanması, müxtəlif görüşlər keçirməsi, çıxışlarının və müsahibələrinin maraqla izlənilməsi dünya birliyinin Azərbaycana və onun liderinə olan böyük hörmətinin ifadəsidir. Cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi, siyasətimiz milli maraqlara söykənir və onlara xidmət edir. Hər hansı bir platformada iştirakımızdan asılı olmayaraq, yürütmüş olduğumuz siyasət müstəqil xarakter daşıyır. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Müharibənin başa çatması Azərbaycanın təşəbbüsü və qətiyyəti ilə reallaşdı. Bölgədə başlayan sülh prosesi, davamlı əməkdaşlıq və tərəqqiyə keçid də məhz Azərbaycanla bağlıdır. Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi olan dövlətlərindən biridir. Bu səbəbdən Azərbaycanın təşəbbüsləri dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Orta Dəhlizin bir qolunun Azərbaycandan keçməsi və yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin logistika imkanlarını genişləndirir, onu dünya logistika xəritəsində mühüm aktora çevirir. İqtisadi və logistika maraqları, eləcə də Azərbaycanın sülhə və əməkdaşlığa xidmət edən siyasəti dostlarımızın və tərəfdaşlarımızın sayını artırır. Cənab Prezident İlham Əliyevin Bişkekdə qonşu dövlətlərin rəhbərləri ilə görüşməsi də təsadüfi deyil. Bu görüşlərin əsas leytmotivi bölgədə sülh, əməkdaşlıq, tərəqqi, birgə fəaliyyət və Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dəstəklənməsidir”.
Zeynəb Həsən
16:30 02.09.2026
Oxunuş sayı: 57