Pezeşkianın sülh çağırışları nəticə verməyəcək
İranla ABŞ arasında gərginlik hərbi qarşıdurma ilə yanaşı, iqtisadi və diplomatik müstəvidə də davam edir. İran Prezidenti Məsud Pezeşkian münaqişənin diplomatik yolla başa çatdırılmasının tərəfdarı olduğunu bildirir, eyni zamanda Tehran yeni ABŞ sanksiyaları qarşısında sərt mövqe nümayiş etdirir. ABŞ-nin yeni və daha sərt iqtisadi tədbirlər hazırlaması İran iqtisadiyyatına təzyiqi artırarkən, Pakistanın vasitəçiliyi ilə aparılan son təmaslarda tərəflərin gərginliyin azaldılması və danışıqlar yolu ilə həll imkanlarını müzakirə etdiyi bildirilir. Bu vəziyyət Tehran və Vaşinqton arasında hərbi təzyiqlə diplomatik axtarışların paralel davam etdiyini göstərir.
Politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında Pezeşkianın sülh çağırışlarının İranın siyasi sistemi daxilində real nəticə verib-verməyəcəyini dəyərləndirib: “İran Prezidenti Məsud Pezeşkian və onun yaxın ətrafı İranın siyasi elitasında mötədil qruplaşmanı təmsil edir. Bu qruplaşma məsələlərin qarşıdurma müstəvisində deyil, sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır və əsas çağırışlar da bu istiqamətdə səsləndirilir. Ancaq Məsud Pezeşkian və onun yaxın ətrafı üçün sülhməramlı siyasi xəttin ön plana keçirilməsi o qədər də asan məsələ deyil. Çünki İranda prezidentlik institutu formal xarakter daşıyır və prezidentin səlahiyyətləri məhduddur”.

Politoloq bildirib ki, İranın siyasi sistemində strateji qərarların qəbulunda əsas söz dini-siyasi elitanındır və bu amil Pezeşkianın təşəbbüslərinin nəticəsinə birbaşa təsir edir: “İran daha çox dini-siyasi elita tərəfindən idarə olunur və Ali Rəhbər dövlətin ən yüksək siyasi hakimiyyətini təmsil edir. Bu baxımdan Pezeşkianın sülh çağırışlarının real nəticələr verməsi indiki situasiyada o qədər də inandırıcı görünmür. Bunun nəticə verməsi üçün İranın dini-siyasi elitasının da eyni siyasi xəttə üstünlük verməsi lazımdır. Halbuki indiki situasiyada həm dini-siyasi elita, həm də SEPAH İranın qarşıdurma siyasətini əsas siyasi təbliğat vasitələrindən birinə çevirməyə çalışır. Bu yanaşma daha çox ölkədaxili siyasi proseslərə mesaj vermək məqsədi daşıyır”.
E.Xalidbəyli hesab edir ki, mövcud siyasi şəraitdə Pezeşkianın sülh xəttinin yaxın perspektivdə ciddi nəticə verməsi çətin görünür və prezident son nəticədə dini-siyasi elitanın qərarlarına uyğun hərəkət etməli ola bilər: “Ona görə də böyük ehtimalla Pezeşkianın sülh xəttinin hələlik real və müsbət nəticələrə gətirib çıxarması çətin görünür. Yaxın gələcəkdə də bu istiqamətdə ciddi uğur əldə ediləcəyi o qədər də inandırıcı deyil. Böyük ehtimalla Pezeşkian və onun yaxın ətrafı bu siyasi xətti qorumağa çalışsalar da, son nəticədə dini-siyasi elitanın qəbul etdiyi qərarlara uyğun hərəkət etmək məcburiyyətində qala bilərlər”.
Nigar Xəlilli
18:00 25.08.2026
Oxunuş sayı: 48