Azərbaycanda İİV üzrə milli proqramlar yenilənəcək
“Qlobal QİÇS Strategiyası 2026-2031” çərçivəsində Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya (EECA) regionu ən kritik bölgələrdən biri hesab olunur.
Bununla bağlı açıqlama verən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, insanın immunçatışmazlığı vurusuna (İİV) qarşı mübarizədə dünya dövlətlərinin qəbul etdiyi strategiyada bizim regionda epidemioloji vəziyyətə dair məlumat ürəkaçan deyil: “Strategiyada qeyd edilir ki, qlobal miqyasda yoluxmalar azalsa da, EECA regionunda yeni İİV-ə yoluxma halları 2010 və 2025-ci illər arasında 15% artıb. Buna görə də region üçün xüsusi və "təxirəsalınmaz fəaliyyət planı" müəyyən edilib”.
Yeri gəlmişkən, region üçün əsas çağırışlar və hədəflər aşağıdakılardı:
- Konsentrasiyalı epidemiya: Regionda yeni yoluxma hallarının 90%-dən çoxu sub-populyasiyaların (inyeksion narkotik istifadəçiləri (İNİ), seks-biznes işçiləri (SBİ), kişilərlə seks edən kişilər (KSK və MSM) və onların cinsi tərəfdaşlarının payına düşür.
- Miqrasiya böhranı: Regiondakı siyasi qeyri-sabitliklər, müharibələr və iqtisadi miqrasiya səbəbindən milyonlarla insanın yerdəyişməsi müalicənin kəsilməsi riskini artırır.
- PrEP və gec diaqnostika boşluğu: Regionda profilaktik dərmanlara (PrEP) əlçatanlıq kəskin dərəcədə aşağıdı (Avropa İttifaqı ilə müqayisədə 45%-ə qədər boşluq var) və insanlar çox vaxt xəstəliyin gec mərhələlərində test olunur.
- Stiqma və hüquqi baryerlər: Diskriminasiya və bəzi ölkələrdəki cəzalandırıcı qanunlar risk qrupunda olan insanların dövlət xəstəxanalarına müraciət etməsinə mane olur.
- Bəs Azərbaycan üçün hansı hədəflər qoyulub?
- 2030-cu il üçün EECA və Azərbaycan üzrə spesifik hədəflər yeni qəbul edilən BMT siyasi bəyannaməsinə əsaslanır. Azərbaycan da daxil olmaqla region ölkələri bu bəyannaməyə səs verib. Növbəti 5 ildə regionda aşağıdakı hədəflərə nail olunmalıdı:
- Dövlət maliyyələşdirilməsinə keçid: Region ölkələri beynəlxalq donorlardan (məsələn, Qlobal Fonddan) asılılığı azaldaraq, İİV proqramlarını (xüsusilə zərərin azaldılması proqramlarını) tamamilə milli büdcə hesabına maliyyələşdirməlidi. Bu keçid prosesi xidmətlərin fasiləsizliyi və dayanmaması üçün təhlükəsiz idarə olunmalıdı.
- İcma əsaslı monitorinq (CLM): Dövlət xəstəxanalarındakı stiqmanı aradan qaldırmaq üçün test və PrEP paylanması hüququ mülki cəmiyyət təşkilatlarına və icma mütəxəssislərinə verilməlidi.
- Zərərin azaldılmasının genişləndirilməsi: Azərbaycan və qonşu ölkələrdə İİV-in ötürülməsində inyeksion narkotik istifadəçilərinin payı yüksək olduğundan, metadon proqramları (əvəzedici terapiya) və steril şpris paylanması coğrafi baxımdan genişləndirilməlidi.
- Sərhədlərarası səhiyyə xidmətləri: Miqrantların getdikləri ölkələrdə (məsələn, Rusiya, Türkiyə və ya Qazaxıstan) statuslarından asılı olmayaraq onların pulsuz antiretrovirus (ARV) müalicəsi ala bilməsi üçün regional mexanizmlər qurulmalıdı.
Qeyd edim ki, hazırda Azərbaycan bu hədəflər çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNAIDS ilə birgə milli proqramlarını yeniləyir.
12:45 25.01.2026
Oxunuş sayı: 39