Dağıstanda sürüşmə baş verib, yol bağlanıb
Rusiyanın Dağıstan Respublikasının Lak rayonunda torpaq sürüşməsi baş verib.
Crossmedia.az xəbər verir ki, regional Dövlət Yol Polisi bu barədə məlumat yayıb.
Sürüşmə respublika əhəmiyyətli “Mamraş – Taşkapur – Arakan körpüsü” avtomobil yolunun 161-ci kilometrinin 100-cü metrində qeydə alınıb. Hadisə ilə əlaqədar yolun həmin hissəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Lak rayonunun inzibati mərkəzi olan Kumux kəndi və ətraf yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsi alternativ marşrut üzrə həyata keçirilir. Nəqliyyat vasitələri Bağıklı və Unçukatlı yaşayış məntəqələrindən keçirilir. Hazırda aidiyyəti qurumların əməkdaşları alternativ yolun vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görür. Əraziyə avtoqreyder və avtoyükləyicidən ibarət iki xüsusi texnika cəlb edilib.
Hakimiyyət orqanları sürüşmə nəticəsində yığılan torpaq kütləsinin təmizlənməsi üçün ağır texnikadan istifadə məsələsinə də baxırlar.
12:41 30.08.2026
Oxunuş sayı: 55