ABŞ seçicilərini ən çox hökumətdəki korrupsiya narahat edir
“Fox News”un keçirdiyi yeni sorğuya əsasən, ABŞ seçicilərinin ən böyük narahatlığı hökumətdəki korrupsiyadır. Respondentlərin 60 faizi bu problemdən son dərəcə narahat olduğunu bildirib. İnflyasiya 58 faizlə ikinci, yanacağın qiymətləri isə 50 faizlə üçüncü yerdə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News”un sorğusunda qeyd olunub.
Sorğuda iştirak edənlər hökumətdəki korrupsiya ilə mübarizə məsələsində Respublikaçılar Partiyası ilə müqayisədə Demokratlar Partiyasına daha çox etibar edirlər. Demokratlar bu göstəricidə 10 faiz bəndi fərqlə öndədir.
Korrupsiyadan narahatlıq Demokratlar arasında daha yüksəkdir. Bu partiyanın tərəfdarlarının 72 faizi problemdən son dərəcə narahat olduğunu bildirib. Respublikaçılar arasında isə bu göstərici 47 faiz təşkil edib.
Sorğuda ABŞ Prezidenti Donald Trampın reytinqinin 36 faizə düşdüyü də qeyd olunub. Nəşrin məlumatına görə, bu, onun indiyədək qeydə alınmış ən aşağı göstəricisidir.
Noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Demokratlar Partiyası da Respublikaçılar Partiyasını 54:45 nisbəti ilə qabaqlayır.
22:27 15.10.2026
Oxunuş sayı: 62