“Harri Potter”in səhvlərlə dolu nüsxəsi 400 min dollara satıldı
“Harri Potter və Fəlsəfə daşı” kitabının nadir, çap səhvləri ilə dolu ilk nəşri ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən hərracda 400 min dollara satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Sərt üzlü kitabı alan şəxs onun üçün təxminən 400 min dollar, yəni 33 milyon rubl ödəyib.
Nadir nüsxə kitabın cəmi 500 ədəd çap edilmiş sərt üzlü nəşrindən biridir. Bu nəşrdə bir neçə diqqətçəkən səhv var: Harri Potterin Hoqvarts məktəbinə aparmalı olduğu əşyaların siyahısında “bir sehrli çubuq” ifadəsi iki dəfə yazılıb, müəllif C.K. Roulinqin adı “Joanna Rowling” kimi göstərilib, arxa üz qabığında isə bir “o” hərfi çatışmır.
“Heritage Auctions” hərrac evinin nümayəndəsi bildirib ki, “Fəlsəfə daşı” əsərinin sərt üzlü nəşri xüsusilə nadirdir. Onun sözlərinə görə, bu formatda cəmi 500 nüsxə çap olunub və onların əksəriyyəti ictimai kitabxanalara paylanmaq üçün nəzərdə tutulub.
Harri Potter haqqında kitablar seriyası dünya miqyasında bestsellerə çevrilib. Əsərlər əsasında Daniel Redkliff, Emma Uotson və Rupert Qrintin baş rollarda çəkildiyi səkkiz film hazırlanıb. Hazırda HBO telekanalı da “Harri Potter” mövzusunda serial üzərində işləyir.
23:29 15.10.2026
Oxunuş sayı: 59