Orenburqda PUA həyəcanı: Sənaye obyektləri hədəfdə
Rusiyanın Orenburq vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Solntsev özünün Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücumların əsas hədəfi sənaye müəssisələri olub.
“Yenidən adi dinc vətəndaşların çalışdığı sənaye müəssisələrini hədəf alırlar. Bu, növbəti məkrli və terror xarakterli aktdır”, – deyə qubernator bildirib.
Məlumata görə, region və Orenburq şəhəri ərazisində hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərib, mobil atəş qrupları gücləndirilib. Əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək, binalardan çıxmamaq və pəncərələrə yaxınlaşmamaq tövsiyə olunub.
Daha sonra PUA təhlükəsi ilə bağlı xəbərdarlığın ləğv edildiyi, “Kover” planının dayandırıldığı bildirilib. Orenburq və Orsk hava limanları fəaliyyətini adi rejimdə davam etdirir.
09:11 23.08.2026
Oxunuş sayı: 75