Kriştiano Ronaldoya altı ayadək diskvalifikasiya verilə bilər
Portuqaliya Futbol Federasiyasının intizam komitəsi Kriştiano Ronaldonun diskvalifikasiyası ilə bağlı rəsmi prosedura başlayıb.
Crossmedia.az xəbər verir ki, “Sport-Ekspress” nəşri bu barədə məlumat yayıb.
41 yaşlı hücumçunun baş məşqçi Jorje Jezuşla münaqişədən sonra milli komandanın düşərgəsini özbaşına tərk etməsi intizam araşdırmasına səbəb olub. Ronaldo sentyabrın 27-də Millətlər Liqasında Norveçə qarşı keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda iştirak etməyib. O, oktyabrın 1-də isə Jezuşun Danimarka ilə oyun öncəsi mətbuat konfransından sonra milli komandanın düşərgəsini tərk edib.
Federasiyanın İntizam Reqlamentinin 160-cı maddəsinə əsasən başladılan araşdırmanın nəticəsində futbolçu bir aydan altı ayadək diskvalifikasiya oluna bilər. Qaydalara görə, üzrlü səbəb olmadan milli komandanın məşqini, oyununu və ya tədbirini tərk edən oyunçuya əlavə olaraq 510-1020 avro məbləğində cərimə də tətbiq edilə bilər.
Portuqaliyalı hüquqşünas Qonsalu Almeyda “A Bola” nəşrinə açıqlamasında bildirib ki, intizam şurası iş üzrə araşdırma aparmalı, Ronaldunu məlumatlandırmalı və ona mövqeyini bildirmək imkanı verməlidir. Bundan sonra qərar qəbul olunacaq. Hüquqşünas qərarın nisbətən qısa müddətdə veriləcəyini gözlədiyini deyib.
Münaqişə Jezuşun Ronaldunun komandanın start heyətində yer alacağına zəmanət vermədiyini açıq şəkildə bildirməsindən sonra yaranıb. Ronaldo oktyabrın 6-da yaydığı rəsmi açıqlamada baş məşqçini şəxsi razılaşmaları pozmaqda ittiham edib.
22:47 09.10.2026
Oxunuş sayı: 68