ABŞ-də avtomobildə uşağı olan kişiyə atəş açılması araşdırılır
ABŞ-nin Nyu-York şəhərində immiqrasiya xidmətinin əməkdaşları avtomobilində 5 yaşlı oğlu olan kişiyə atəş açaraq onu yaralayıblar. Hadisədən sonra rəsmilər əməkdaşların hərəkətlərini müdafiə edib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markveyn Mallin bildirib ki, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları cinayət keçmişi olan Oskar Belqalı saxlamağa çalışarkən silahdan istifadə ediblər. Onun sözlərinə görə, əməkdaşlar avtomobildə uşağın olduğunu bilməyiblər. Mallin hadisəyə görə məsuliyyətin uşağı təhlükəyə atan Belqalda olduğunu iddia edib. Yaralanan kişi hazırda saxlama müəssisəsindədir.
Hadisə Nyu-Yorkun Marble Hill yaşayış məhəlləsində baş verib. Şəhərin meri Zohran Mamdani baş verənləri “qəbuledilməz və son dərəcə ciddi” adlandırıb.
Mətbuat konfransında iştirak edən ICE rəsmisi Markos Çarlzın sözlərinə görə, əməkdaşlar Belqalın avtomobilini saxlamaq üçün xidməti maşınlarından istifadə ediblər. Lakin kişi avtomobildən düşmək barədə göstərişə tabe olmayıb və hərəkətə davam edərək ICE-yə məxsus iki nəqliyyat vasitəsi ilə toqquşub.
Çarlz iddia edib ki, Belqal daha sonra avtomobili digər əməkdaşlara tərəf sürərək onu təhlükəli vasitəyə çevirib. Onun sözlərinə görə, əməkdaşlar özlərinin, həmkarlarının və ətrafdakı insanların həyatına təhlükə yarandığını düşünərək təlimlərinə uyğun şəkildə atəş açıblar.
Atəş açan əməkdaşların sayı ilə bağlı araşdırma aparılır.
21:03 09.10.2026
Oxunuş sayı: 55