Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Yol-nəqliyyat hadisələrinin sayının azalması müsbət tendensiya olsa da, ilin ilk altı ayında 285 nəfərin həyatını itirməsi yol təhlükəsizliyi ilə bağlı daha ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir. Hadisələrin 83,7 faizinin yaşayış məntəqələrində, 44,3 faizinin isə gecə saatlarında baş verməsi problemin xüsusilə şəhər və qəsəbələrdə yol infrastrukturu, işıqlandırma və nəzarət baxımından kompleks şəkildə araşdırılmasını zəruri edir.
Nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün görülməli tədbirlərdən danışıb:
“Yol-nəqliyyat hadisələrinin sayının azalması müsbət tendensiya olsa da, ilin ilk altı ayında 285 nəfərin həyatını itirməsi göstərir ki, əsas məqsəd yalnız qəzaların ümumi sayını azaltmaq deyil, ağır nəticəli və ölümlə nəticələnən hadisələrin qarşısını almaq olmalıdır. Hadisələrin 83,7 faizinin yaşayış məntəqələrində baş verməsi isə şəhər və qəsəbələrdə yol hərəkətinin təşkilinə xüsusi diqqət yetirilməsinin vacibliyini göstərir”.
Ekspert hesab edir ki, qəza statistikası yalnız ümumi rəqəmlərlə deyil, hadisələrin baş verdiyi ərazilər və səbəblər üzrə də təhlil edilməlidir:
“İlk növbədə qəza statistikasına yalnız ümumi rəqəmlər üzrə deyil, hadisələrin baş verdiyi konkret ünvanlar, saatlar, səbəblər və nəticələrin ağırlığı baxımından yanaşmaq lazımdır. Ölüm və ağır xəsarətlə nəticələnən qəzaların daha çox baş verdiyi ərazilər müəyyənləşdirilməli, həmin nöqtələrdə yolun layihələndirilməsi, işıqlandırma, sürət rejimi, piyada keçidləri, nişanlanma və görünüş məsafəsi yenidən qiymətləndirilməlidir”.

A.Nəbiyev təhlükəsizlik məsələsində yalnız sürücünün məsuliyyətinə fokuslanmağın düzgün olmadığını bildirib:
“Eyni ərazidə mütəmadi olaraq ağır qəzalar baş verirsə, bunu yalnız sürücünün məsuliyyətsizliyi ilə izah etmək düzgün deyil. Yol infrastrukturu da insan səhvinin ağır nəticəyə çevrilməsinin qarşısını almalıdır”.
Ekspert xüsusilə piyadaların intensiv hərəkət etdiyi ərazilərdə təhlükəsiz infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb:
“Yaşayış məntəqələrində əsas problemlərdən biri sürət həddinin pozulmasıdır. Məktəb, bağça, xəstəxana, bazar, metro və avtobus dayanacaqları kimi piyadaların intensiv hərəkət etdiyi ərazilərdə yalnız sürət məhdudlaşdırıcı nişanların quraşdırılması kifayət deyil. Sürücünü faktiki olaraq sürəti azaltmağa məcbur edən təhlükəsiz infrastruktur yaradılmalıdır”.
Onun sözlərinə görə, piyada keçidlərinin işıqlandırılması və təhlükəsizlik adacıqlarının yaradılması da qəza risklərinin azaldılmasına kömək edə bilər:
“Piyada keçidlərinin işıqlandırılması, təhlükəsizlik adacıqlarının yaradılması, zəruri yerlərdə yolun daraldılması, səkilərin avtomobillərdən qorunması və piyadaların görünüşünü məhdudlaşdıran maneələrin aradan qaldırılması bu baxımdan mühüm rol oynayır”.
A.Nəbiyev gecə saatlarında baş verən qəzaların yüksək payına da diqqət çəkib:
“Hadisələrin 44,3 faizinin gecə saatlarında qeydə alınması da ciddi siqnaldır. Gecə saatlarında yolun, piyada keçidlərinin və nişanların görünməsi zəifləyir, sürücünün təhlükəni vaxtında müəyyən etməsi çətinləşir. Buna görə əsas yollarla yanaşı, qəsəbədaxili yolların, piyada keçidlərinin, dayanacaqların və yolayrıclarının işıqlandırılması sistemli şəkildə yoxlanılmalıdır”.
Ekspert yol nişanlarının və yol cizgilərinin gecə görünməsinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
“Yol nişanlarının işıqqaytarma qabiliyyəti və yol cizgilərinin gecə, xüsusilə də yağışlı havada görünməsi də nəzarətdə saxlanılmalıdır”.
Sürücü hazırlığının keyfiyyətinin artırılmasının da yol təhlükəsizliyində mühüm rol oynadığını deyən ekspert real yol şəraitində praktiki bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
“Təlim zamanı yalnız imtahana hazırlığa deyil, real yol şəraitində təhlükənin əvvəlcədən müəyyənləşdirilməsi, təhlükəsiz məsafə və sürət seçimi, gecə avtomobil idarəetməsi, yağışlı və sürüşkən yollarda davranış, yorğunluğun təsiri və qəza zamanı düzgün reaksiya kimi bacarıqlara diqqət yetirilməlidir”.
A.Nəbiyev peşəkar sürücülərin də əlavə təhlükəsiz idarəetmə təlimlərinə cəlb edilməsini məqsədəuyğun hesab edir:
“Peşəkar, taksi və avtobus sürücülərinin də mütəmadi olaraq əlavə təhlükəsiz idarəetmə təlimlərinə cəlb olunması məqsədəuyğundur”.
Ekspert yol hərəkətinə nəzarətdə əsas hədəfin cərimələrin sayını artırmaq deyil, ağır nəticələrə səbəb olan pozuntuların qarşısını almaq olduğunu bildirib:
“Yol hərəkətinə nəzarətin əsas məqsədi yalnız cərimələrin sayını artırmaq deyil, ağır nəticələrə səbəb olan pozuntuları azaltmaq olmalıdır. Sürət həddinin aşılması, təhlükəli ötmə, qırmızı işıqda keçmə, sükan arxasında telefondan istifadə, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və təhlükəsizlik kəmərindən istifadə olunmaması kimi pozuntulara nəzarət prioritet təşkil etməlidir”.
O, piyadaların təhlükəsizliyi və avtomobillərin texniki vəziyyətinə nəzarətin də gücləndirilməsinin vacibliyini qeyd edib:
“Piyada keçidlərinin düzgün yerdə yerləşdirilməsi, səkilərin davamlılığının təmin edilməsi, dayanacaqlardan çıxan sərnişinlərin təhlükəsizliyinin qorunması və məktəblərin ətrafında əlavə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin, əyləc sisteminin və işıq cihazlarının sazlığına nəzarət gücləndirilməlidir”.
Ekspert qəzalardan sonra tibbi yardımın operativliyinin də ölüm hallarının azaldılmasına təsir etdiyini bildirib:
“Yol-nəqliyyat hadisələrindən sonra tibbi yardımın hadisə yerinə çatma müddəti də ölüm hallarının azalmasında mühüm amildir. Ağır qəzaların daha çox baş verdiyi ərazilərdə təcili tibbi yardımın çatma müddəti ayrıca təhlil edilməli və zəruri hallarda operativ müdaxilə imkanları artırılmalıdır”.
A.Nəbiyev bildirib ki, yol təhlükəsizliyində əsas məqsəd insan səhvinin faciə ilə nəticələnməsinin qarşısını alan sistem qurmaq olmalıdır:
“Ümumilikdə məqsəd sürücüləri daha çox cərimələmək deyil, insan səhv etdikdə belə həmin səhvin ölümlə nəticələnməyəcəyi təhlükəsiz yol sistemi yaratmaq olmalıdır. Sürücü səhv edə bilər, piyada diqqətsiz davrana bilər, lakin düzgün yol infrastrukturu, təhlükəsiz sürət rejimi, keyfiyyətli sürücü hazırlığı, effektiv nəzarət, işıqlandırma və operativ tibbi yardım birlikdə bu səhvin faciəyə çevrilmə ehtimalını minimuma endirməlidir”.
Ekspert sonda 285 ölüm faktının yalnız statistik göstərici kimi qiymətləndirilməməli olduğunu vurğulayıb:
“285 nəfərin həyatını itirməsinə yalnız statistik rəqəm kimi yanaşmaq olmaz. Hər bir ölüm yol təhlükəsizliyi sistemindəki zəif nöqtələrin müəyyənləşdirilməsi üçün əsas olmalıdır. Hadisələrin ümumi sayı azalırsa, lakin ölüm göstəricisi yüksək olaraq qalırsa, növbəti mərhələdə əsas hədəf ağır və ölümlə nəticələnən qəzaların kəskin şəkildə azaldılması olmalıdır”.
Nigar Xəlilli
19:30 22.08.2026
Oxunuş sayı: 62