Avtomobil etibarnaməsi tarixə qovuşur? – Hüquqşünasdan AÇIQLAMA
Avtomobil sahibindən başqa şəxsin nəqliyyat vasitəsini idarə etməsi zamanı etibarnamə məsələsi uzun müddətdir hüquqi və praktiki müzakirələrin predmetidir. Rəqəmsal xidmətlərin genişləndiyi, bir çox sənəd və məlumatın elektron sistemlər üzərindən əldə edildiyi bir vaxtda isə avtomobil idarəçiliyində etibarnamə tələbinin saxlanılmasının nə dərəcədə zəruri olduğu sualı yenidən aktuallaşıb.
Mövcud qaydaların sürücülər üçün yaratdığı hüquqi öhdəliklər, avtomobil sahibinin razılığının hansı formada təsdiqlənməsi və rəqəmsal imkanların bu prosesdə alternativ mexanizmə çevrilib-çevrilə bilməsi məsələnin əsas müzakirə istiqamətlərindəndir.
Crossmedia.az-a açıqlamasında hüquqşünas Vüsalə Əhmədova avtomobillər üçün etibarnamə institutunun ləğvi məsələsində nəqliyyat vasitəsinin sahibi ilə onu faktiki idarə edən şəxsin hüquqi statusunun və məsuliyyətinin fərqləndirilməsinin vacibliyini bildirib:

“Hüquqi baxımdan əsas prinsip ondan ibarətdir ki, nəqliyyat vasitəsinin sahibi ilə onu faktiki idarə edən şəxs eyni hüquqi statusa malik deyil və onların məsuliyyəti də fərqli əsaslarla müəyyən edilməlidir. Məsələn, yol hərəkəti qaydasını bilavasitə pozan şəxs sürücüdürsə, həmin pozuntuya görə məsuliyyəti də, bir qayda olaraq, faktiki sürücü daşımalıdır”, - deyə hüquqşünas qeyd edib.
Onun sözlərinə görə, əsas məsələlərdən biri avtomobili qanuni əsaslarla kimin idarə etdiyinin və konkret hüquq pozuntusu zamanı sükan arxasında kimin olduğunun müəyyənləşdirilməsidir: “Bunun üçün elektron razılıq, rəqəmsal qeydiyyat və digər identifikasiya mexanizmlərindən istifadə edilə bilər. Digər tərəfdən, avtomobil sahibinin də müəyyən hallarda məsuliyyəti istisna edilmir. Məsələn, sahibi avtomobili idarə etmək hüququ olmayan şəxsə bilərəkdən təqdim edibsə və ya qanunla onun üzərinə müəyyən öhdəlik qoyulubsa, həmin məsuliyyət ayrıca qiymətləndirilməlidir”.
Vüsalə Əhmədova kameraların yalnız dövlət qeydiyyat nişanını müəyyən etdiyi hallarda avtomobilin sahibinin kimliyi ilə hüquq pozuntusunu törədən şəxsin kimliyi arasında fərqin yarana biləcəyini vurğulayıb: “Kamera yalnız dövlət qeydiyyat nişanını müəyyən edirsə, pozuntunu kimin törətdiyi ilə avtomobilin kimin adına olması arasında fərq yaranır. Buna görə də etibarnamənin ləğvi ilə paralel olaraq faktiki sürücünün müəyyən edilməsi və məsuliyyətin düzgün subyektə yönəldilməsi üçün effektiv hüquqi və rəqəmsal mexanizm yaradılmalıdır”.
Hüquqşünas hesab edir ki, rəqəmsallaşma şəraitində kağız və ya notarial etibarnaməyə ehtiyac getdikcə azala bilər: “Əgər dövlət sistemləri avtomobil sahibinin razılığını və nəqliyyat vasitəsindən istifadə edən şəxsi elektron formada müəyyən edə bilirsə, ayrıca etibarnamə tələb etmək inzibati yük yaradan formal prosedura çevrilə bilər. Ancaq burada əsas şərt odur ki, etibarnamə ləğv edilərkən hüquqi məsuliyyət mexanizmi boşluqda qalmamalıdır. Sahib, faktiki sürücü və digər məsul şəxslərin hüquq və vəzifələri qanunvericilikdə aydın şəkildə fərqləndirilməlidir”.
O əlavə edib ki, əks halda sadələşdirmə məqsədi daşıyan dəyişiklik yeni hüquqi mübahisələrə səbəb ola bilər: “Qısası, etibarnamənin ləğvi düzgün hüquqi və rəqəmsal mexanizmlərlə müşayiət olunarsa, həm avtomobil sahibləri, həm də sürücülər üçün prosedurları əhəmiyyətli dərəcədə sadələşdirə bilər”.
Nəqliyyat eksperti Raqif Raufoğlu avtomobillər üçün etibarnamənin ləğvi ilə bağlı müzakirələrin hələlik real görünmədiyini bildirib. Onun sözlərinə görə, hazırda hətta yaxın ailə üzvləri arasında etibarnamə məsələsi tam həllini tapmayıb:

“Bu məsələ tez-tez gündəmə gəlir, amma mən belə başa düşürəm ki, o qədər də real görünmür. Çünki biz hələ burada nəinki ümumiyyətlə etibarnamənin ləğvindən, heç ailə üzvlərinin, məsələn, atanın oğula, yaxud həyat yoldaşına verdiyi etibarnamələrdən danışırıq. Amma burada da görünür ki, yəqin ki, polisin əlində olan statistika göstərir ki, bu, mübahisəli məsələ olur”, - deyə ekspert qeyd edib.
Raqif Raufoğlu bildirib ki, əvvəllər ər-arvad arasında avtomobil üçün etibarnamə tələb olunmasının aradan qaldırılması məsələsi də gündəmə gətirilib: “Hətta bir ara bunun üzərində çox dayanmışdılar ki, ər-arvad niyə bir-birinə etibarnamə verməlidir. Amma onlar da faktları görürlər ki, belə hallar var. Burada bağışlanmış avtomobillər olur, bəzən onların arasında problem yaranır, sonra tərəflərdən biri digərindən şikayət edə bilir və sairə”.
Ekspert inkişaf etmiş ölkələrdə avtomobildən istifadə ilə bağlı bu cür prosedurların olmadığını da diqqətə çatdırıb: “Reallıq odur ki, inkişaf etmiş ölkələrdə belə şey yoxdur. Sən maşını götürürsən, dostum mənim maşınımı verir, götürürəm, sürürəm vəssalam”.
O hesab edir ki, Azərbaycanda da məsələyə mərhələli yanaşmaq daha məqsədəuyğun ola bilər: “Hələ mənə elə gəlir ki, birinci növbədə, heç olmasa, birinci dərəcəli qohumlar arasında bu məsələyə baxılsa, ondan sonra bəlkə növbəti mərhələlərə keçmək olar”.
Nigar Xəlilli
19:45 07.10.2026
Oxunuş sayı: 62