Qazaxıstan Serbiya ilə hərbi əməkdaşlığı genişləndirir
Qazaxıstan parlamenti Serbiya ilə hərbi-texniki əməkdaşlıq sazişini ratifikasiya edib.
Crossmedia.az xəbər verir ki, “Tengrinews” bu barədə məlumat yayıb.
Saziş parlamentin aşağı palatasında ikinci oxunuşda qəbul edilib. Deputat Almat Jukebayevin sözlərinə görə, sənəd hərbi təyinatlı məhsulların, o cümlədən silah, hərbi texnika, iş və xidmətlərin, eləcə də əməkdaşlıq çərçivəsində hazırlanmış və ya ötürülmüş intellektual fəaliyyət nəticələrinin qarşılıqlı tədarükünü nəzərdə tutur.
Sazişə 2024-cü ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən imza atılıb. Həmin vaxt tərəflər müdafiə sahəsi ilə yanaşı, ticarət və kosmik sahələrdə də bir sıra sənədlər imzalayıblar.
Bu ilin fevralında Aleksandr Vuçiç Tokayevdən Serbiyanın xüsusi təyinatlı bölmələrinin hazırlığına dəstək göstərməsini istəyib. Serbiya lideri Qazaxıstanın təhlükəsizliyin təmin olunması sahəsində əldə etdiyi nəticələri də yüksək qiymətləndirib.
19:32 07.10.2026
Oxunuş sayı: 52