Deputat: İtkin düşmüş insanlar məsələsi siyasiləşdirilə bilməz
Azərbaycanın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində apardığı araşdırmalar, xüsusilə işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması və meyit qalıqlarının identifikasiyası ilə bağlı proseslər davam edir. Bu məsələ itkin şəxslərin ailələri üçün humanitar əhəmiyyət daşımaqla yanaşı, müharibə zamanı baş vermiş hadisələrin tam araşdırılması baxımından da xüsusi önəm kəsb edir.
Prezident İlham Əliyev də itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin dövlətin daim diqqətində olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın bundan sonra da taleyi naməlum şəxslərin aqibətinin müəyyənləşdirilməsi üçün bütün imkanlarını səfərbər edəcəyini vurğulayıb.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin həm humanitar, həm də etimad quruculuğu baxımından əhəmiyyət daşıdığını bildirib:
“Azərbaycan Respublikasının beynəlxalq hüquqda tanınmış ərazilərinin bir hissəsi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Bu işğal ərazilərimizin dağıdılması ilə yanaşı, böyük insan faciəsi ilə nəticələnib. Yüz minlərlə insan öz doğma torpaqlarından qaçqın və məcburi köçkünə çevrilib. Minlərlə insan isə itkin düşüb. Bu günə qədər də 4010 insanın taleyi barədə məlumat yoxdur”, - deyə deputat qeyd edib.
Rizvan Nəbiyev itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin mühüm məsuliyyət olduğunu vurğulayıb: “Bu insanların taleyinə aydınlıq gətirilməsi mənəvi məsuliyyətdir, eyni zamanda etimad quruculuğu istiqamətində ciddi bir addımdır. Ötən il Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında saziş imzalandı. Bu sazişin 9-cu maddəsi də itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi məsələsini özündə ehtiva edir”.
Deputat bildirib ki, itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans keçirilib: “Bu konfrans itkin düşmüş şəxslərlə əlaqədar Dövlət Komissiyası və həmin komissiyaya rəhbərlik edən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunub. Burada müxtəlif beynəlxalq təşkilatlardan, çoxsaylı dövlətlərdən hökumət nümayəndələri, parlamentarilər və ekspertlər iştirak ediblər. Məqsəd beynəlxalq təcrübəni əldə etməkdir. Çünki itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi çox ağır bir məsələdir”.
Onun sözlərinə görə, bu istiqamətdə müasir texnologiyalardan istifadə etməklə uzunmüddətli araşdırmalar aparılır: “Ante-mortem və post-mortem, yəni ölümdən əvvəl və ölümdən sonra həmin şəxslərlə bağlı məlumatların toplanılması, müasir texnoloji üsullarla qalıqların kimə aid olması məsələsinin aydınlaşdırılması uzun bir prosesdir. İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə 32-yə yaxın kütləvi məzarlıq aşkar olunub. Bu proses davam edir”.
Rizvan Nəbiyev Ermənistan tərəfindən itkin düşmüş şəxslər və onların dəfn edildiyi yerlərlə bağlı məlumatların təqdim olunmasının vacibliyini qeyd edib: “Biz ona görə Ermənistan tərəfindən gözləyirik ki, itkin düşmüş şəxslər və onların basıldığı yer barədə məlumatları təqdim etsin. Çünki sülh təkcə hökumətlər, dövlətlər arasında deyil, cəmiyyətlər arasındadır. Bu mənada Ermənistanın bu istiqamətdə atacağı addım etimad quruculuğu məsələsinə xidmət etmiş olar”.
Deputat Prezident İlham Əliyevin konfransa ünvanladığı müraciətdə itkin düşmüş şəxslərlə bağlı məsələnin siyasiləşdirilməməsinin vurğulandığını da bildirib: “İtkin düşmüş insanların taleyi ilə bağlı məsələlər, itkin düşmüş insanlar məsələsi siyasiləşdirilə bilməz. Bu humanitar məsələdir və bu çərçivədə də ona yanaşmaq lazımdır. Azərbaycan hökuməti bütün mümkün vasitələrlə itkin düşmüş insanlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində fəaliyyətini davam etdirir”
Nigar Xəlilli
19:15 07.10.2026
Oxunuş sayı: 53