Kəndlər boşalsa, iqtisadiyyat düzələcək - Rəy
Son illərdə şəhərlərə əhali axınının artması kənd və rayonlarda əhalinin azalması ilə bağlı müzakirələri aktuallaşdırıb. İş imkanları, təhsil, gəlir səviyyəsi və sosial xidmətlərə çıxış kimi amillər insanların şəhərlərə köçməsinə təsir edən əsas səbəblər sırasında göstərilir.
Bəs əhalinin şəhərlərə axını kəndlərin “boşalmasına” hansı problemləri yarada bilər? Bu tendensiyanın iqtisadi nəticələri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov Crossmedia.az-a açıqlamasında bildirib ki, kəndlərdən şəhərlərə əhali axını iqtisadi baxımdan mənfi deyil, əksinə, mövcud şəraitdə iqtisadiyyatın düzgün işləməsinə xidmət edən təbii prosesdir: “Əhalinin şəhərlərə axınının səbəbi iqtisadi olduğuna görə, əslində kəndlərdən şəhərlərə axın iqtisadiyyatın xeyrinədir, zərərinə deyil. Bəziləri düşünür ki, kəndlər boşalar və bu, iqtisadi problemlər yaradar. Xeyr belə deyil. İqtisadiyyatda, kəndlərin dolu qalması kimi bir nəzəriyyə yoxdur. Elə bir fikir yoxdur ki, kəndlər mütləq dolu qalmalıdır. Əgər kəndlər Azərbaycandakı indiki vəziyyətdədirsə, onlar boşalmalıdır. Onlar boşalmalıdır ki, iqtisadiyyat düzgün çalışsın. Çünki kəndlərdə daha çox işsizlikdir. Şəhərə gəldikdə isə heç olmasa müəyyən qədər iş imkanları, daha yaxşı əyləncə və təhsil imkanları var”.

E.Rəşidovun sözlərinə görə, kəndlərdən şəhərlərə köçün arxasında həm təbii səbəblər, həm də hökumətin siyasəti ilə bağlı amillər dayanır:
“Məsələnin arxasında həm təbii səbəblər, həm də hökumətin yanlış siyasəti durur. Hökumətin yanlış siyasəti nəticəsində əksər resurslar Bakıda toplanıb. Şəhər dedikdə də əksəriyyət əsasən Bakını nəzərdə tutur. Digər şəhərlərdə də kəndlərlə müqayisədə daha çox resurs toplanıb, dövlət resursları həmin ərazilərə yönəldilib. Dövlət öz resurslarını paylayanda isə bunu düzgün və bərabər şəkildə etmir. Nəticədə insanlar da resursların olduğu yerlərə gedirlər. Vaxtilə SSRİ dövründə kəndlərdə böyük resurslar var idi və əhalinin böyük hissəsi buna görə kəndlərdə yerləşmişdi. İndi isə vəziyyət tərsinədir. Ona görə kəndlərdən şəhərə axmaq çox təbii axındır. Bu, işsizlikdən işə, təhsilsizlikdən təhsilə, gəlirsizlikdən gəlirə, mədəniyyətdən uzaq olmaqdan mədəniyyətə, sosial xidmətlərin olmadığı yerdən sosial xidmətlərin olduğu yerə və çətin yaşayışdan daha rahat yaşayışa doğru axındır. Bu proses baş verməlidir ki, həm insanlar üçün daha yaxşı olsun, həm kənddə qalan insanlar mövcud resurslardan daha çox faydalana bilsin, həm də şəhər və ümumi iqtisadiyyat üçün müsbət nəticələr yaransın. Hazırda hökumət bu problemi özü həll edə bilmədiyinə görə insanlar köç etməklə, heç olmasa, özlərinə güvənərək bu problemi qismən həll etmiş olurlar”.
Zərnigar Hüseynli
18:00 19.08.2026
Oxunuş sayı: 55