CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

00:53 13.10.2026

Nə evləri var, nə də sabaha ümidləri: 117 milyon insanın faciəsi

35

Dünyada münaqişələr, zorakılıq və təqiblər səbəbindən doğma yurdlarını tərk etmək məcburiyyətində qalan insanların sayı 117 milyonu ötüb. Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Salih Cenevrədə qurumun İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, dünyada davam edən silahlı münaqişələr və humanitar böhranlar milyonlarla insanı uzunmüddətli məcburi köçkünlük şəraitində yaşamağa məcbur edir. Bərham Salih vurğulayıb ki, beynəlxalq ictimaiyyət müharibə və təqiblərdən qaçan insanları qorumaqla yanaşı, onların illərlə qaçqın vəziyyətində qalmasının qarşısını almağa çalışmalıdır. “Biz qaçmağa məcbur olan insanları qorumalıyıq. Lakin onların gələcəyinin qeyri-müəyyən müddətə məcburi köçkünlükdən ibarət olması ilə razılaşa bilmərik”, – deyə o bildirib. Ali komissar qeyd edib ki, münaqişələrin yaratdığı yeni köçkünlük hallarının sayı mövcud böhranların həlli sürətini üstələyir. Bu isə milyonlarla insanın illərlə davam edən qeyri-müəyyənlik şəraitində yaşamasına səbəb olur. Onun fikrincə, humanitar yardımlar böhranın nəticələrini yüngülləşdirsə də, problemin uzunmüddətli həlli üçün kifayət etmir. Buna görə də münaqişələrin qarşısının alınmasına, diplomatik təşəbbüslərə və qaçqınların normal həyata qayıtmasına daha çox sərmayə yatırılmalıdır. Bərham Salih qaçqınların işləmək, təhsil almaq, ailələrini təmin etmək və gələcəkləri barədə müstəqil qərarlar vermək imkanlarının yaradılmasını vacib hesab edib. O, qaçqın uşaqların təhsil imkanlarına da diqqət çəkərək bildirib ki, hazırda 5,8 milyon qaçqın uşaq məktəbdən kənarda qalıb. Bu problemin həlli istiqamətində hökumətlər, universitetlər və özəl sektorla əməkdaşlıq çərçivəsində “Aiming Higher” adlı yeni təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Layihənin məqsədi qaçqın gənclərin ali təhsil almaq və müvafiq ixtisas dərəcələri əldə etmək imkanlarını genişləndirməkdir. Ali komissar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyini də açıqlayıb. Onun sözlərinə görə, qurumun 2026-cı il üçün tələb olunan 8,5 milyard dollarlıq büdcəsinin oktyabrın 9-na olan məlumata əsasən, cəmi 3 milyard dolları, yəni 35 faizi təmin edilib. Maliyyə böhranı təşkilatın əməkdaşlarının sayına da təsir göstərib. Belə ki, 2024-cü ildən etibarən qurumun işçi heyəti təxminən 20 min nəfərdən 12 min nəfərdən aşağı düşüb. Genişmiqyaslı struktur dəyişiklikləri nəticəsində 8 minə yaxın əməkdaş təşkilatdan ayrılıb. Bərham Salih xəbərdarlıq edib ki, maliyyələşmənin azalması qaçqınların müdafiəsi üçün nəzərdə tutulan əsas xidmətlərin davamlılığını təhlükə altına qoyur. O vurğulayıb ki, xərclərin optimallaşdırılması maliyyə çatışmazlığını sonsuzadək kompensasiya edə bilməz və mövcud vəziyyət davam edərsə, beynəlxalq qaçqın müdafiəsi sisteminin effektivliyi ciddi şəkildə zəifləyə bilər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR