CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

05:03 14.10.2026

Buğda bir ayda 12,7 faiz ucuzlaşdı – Bazarda nə baş verir?

51

Dünya bazarlarında buğdanın qiyməti sentyabr ayında 12,7 faiz azalaraq bir buşel üçün 6,75 ABŞ dollarına düşüb. Bu, 2024-cü ilin iyunundan bəri qeydə alınan ən kəskin aylıq ucuzlaşma olub. Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, sentyabr ərzində buğdanın qiyməti 7,95 dollara qədər yüksəlsə də, Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması ilə bağlı gözləntilər, əlverişli hava şəraiti və tələbatın azalması fonunda ayın sonunda kəskin geriləyib. Bununla belə, buğda ilin əvvəlindən etibarən bahalaşma tendensiyasını qoruyub. Yanvar ayının sonunda bir buşel buğdanın qiyməti təxminən 5 dollar olduğu halda, sentyabrın sonunda qiymət həmin səviyyədən 35 faiz yüksək olub. Fyuçers və əmtəə bazarları üzrə ekspert Zəfər Ergəzən “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, əvvəlki aylarda buğdanın bahalaşmasına əsasən Qara dəniz regionundan taxıl ixracı ilə bağlı risklər təsir göstərib. Ekspertin sözlərinə görə, son dövrlərdə ABŞ və Rusiya arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika bazarlarda qiymətlərin aşağı düşməsinə şərait yaradıb. “'El-Ninyo' iqlim hadisəsinin gözləniləndən zəif təsir göstərməsi, ABŞ-ın buğda ixracında qısamüddətli azalma və qlobal iqtisadi artımın yavaşlaması ilə bağlı narahatlıqlar qiymətlərin ucuzlaşmasının əsas səbəblərindəndir”, – deyə o bildirib. Zəfər Ergəzən qeyd edib ki, Rusiya və Ukrayna buğdasının ucuzlaşması ABŞ istehsalı olan buğdanın beynəlxalq bazarda rəqabət qabiliyyətini zəiflədib. Onun sözlərinə görə, dolların möhkəmlənməsi Amerika buğdasının digər ölkələrin alıcıları üçün daha baha başa gəlməsinə səbəb olub. Nəticədə Avropa buğdasına maraq artıb, ABŞ buğdasına tələbat isə azalıb. Ekspert bildirib ki, qarşıdakı dövrdə buğda qiymətlərinin dinamikası geosiyasi vəziyyətdən, hava şəraitindən, dünya iqtisadiyyatının inkişaf tempindən və əsas ixracatçı ölkələrin bazardakı mövqeyindən asılı olacaq.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR