Kambocanın birinci xanımı İçərişəhərdə olub – tarixi abidələri ziyarət edib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni oktyabrın 13-də Bakıda yerləşən, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərlə tanış olub. Səfər çərçivəsində qonağa tarixi abidələr, milli sənətkarlıq nümunələri və Azərbaycanın zəngin mədəni irsi barədə məlumat verilib.
Crossmedia.az xəbər verir ki, birinci xanımın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalasını ziyarətlə başlayıb. Ona qalanın tarixi, memarlıq xüsusiyyətləri və keçmişdəki funksiyası barədə məlumat verilib.
Bildirilib ki, əsası eramızdan əvvəl VII–VI əsrlərdə qoyulan Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri isə 16–16,5 metr olan abidə silindr formalı əsas qaladan və cənub tərəfdə ona bitişən iri dayaq tikilisindən ibarətdir. Qonaq abidənin daxili quruluşu və burada aşkar edilmiş arxeoloji tapıntılarla da tanış olub.
Gəzinti zamanı Piç Çanmoniyə UNESCO-nun Dünya İrsi Siyahısında yer alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan bərpa, təmir və abadlaşdırma işləri barədə məlumat verilib. Burada müxtəlif tarixi dövrlərə aid nadir memarlıq nümunələrinin qorunub saxlanıldığı diqqətə çatdırılıb.
Kambocanın birinci xanımı İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə də tanış olub. Ona milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr, eləcə də əl işləri və sənət nümunələri təqdim edilib. Qonaq burada rəssamlıq bacarığını da nümayiş etdirib.
Piç Çanmoniyə xatirə hədiyyəsi olaraq “Zadagan” brendinə məxsus, İçərişəhərin ornamentlərini əks etdirən kəlağayı təqdim olunub. O, həmçinin “BuxarArt” sənət məkanını ziyarət edib və ona İçərişəhərin ağac üzərində hazırlanmış kiçik modeli hədiyyə edilib.
Gəzinti çərçivəsində qonaq sakinlərin asudə vaxtlarının təşkili üçün yaradılmış İcma Mərkəzi, yaxın vaxtlarda abadlaşdırılmış “İçiçəri” yaşıl ictimai məkanı və Mir Teymur Məmmədovun ev-muzeyi ilə də tanış olub.
Proqramın davamında Piç Çanmoni XV əsrin əvvəllərində inşa edilmiş Şirvanşahlar Sarayı Kompleksini ziyarət edib. Ona orta əsr Şərq memarlığının mühüm nümunələrindən sayılan kompleksin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilib. Qonağa “Dastan” brendinə məxsus tablo da hədiyyə olunub.
Birinci xanıma Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” haqqında da məlumat təqdim edilib. Bildirilib ki, muzey müxtəlif xalqların çay mədəniyyətini, məişət və sənət ənənələrini əks etdirən nadir kolleksiyanı bir araya gətirir.
Ekspozisiyada Azərbaycan çay süfrəsinin ənənəvi atributları olan samovar və armudu stəkanlarla yanaşı, qədim Şəki ərazisində aşkarlanmış 3400 illik gil samovar da nümayiş etdirilir. Bu nümunə bölgədə çay və dəmləmə mədəniyyətinin qədim tarixi ilə bağlı diqqətçəkən eksponatlardan biridir.
İçərişəhərlə tanışlıq Kamboca Krallığının birinci xanımında xoş təəssürat yaradıb.(Azərtac)
19:43 13.10.2026
Oxunuş sayı: 58