Azərbaycan və Laos parlamentlərarası əməkdaşlığı genişləndirmək istəyir
Milli Məclisin sədri Sahibə Qafarova ilə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit arasında keçirilən görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, görüşdə yüksək səviyyəli təmasların Azərbaycan-Laos münasibətlərinin inkişafındakı rolu vurğulanıb. Bu baxımdan Thonqlun Sisulitin Prezident İlham Əliyevlə görüşlərinin, aparılan danışıqların və imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.
Tərəflər Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildiriblər. Həmçinin ölkələrin BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Görüşdə parlamentlərin Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə olunub.
Sahibə Qafarova qonağa Milli Məclisin tarixi, strukturu və parlament dostluq qruplarının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, VII çağırış Milli Məclis 2024-cü ildə keçirilən parlament seçkiləri nəticəsində formalaşıb. Seçkilərin müstəqil Azərbaycanın bütün suveren ərazisini əhatə etməsi mühüm tarixi hadisə kimi qiymətləndirilib.
Laos Prezidenti Thonqlun Sisulit sonuncu dəfə Azərbaycanda 44 il əvvəl olduğunu xatırladaraq, ölkəmizin ötən müddətdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən də danışıb.
İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşən Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Thonqlun Sisulit Bakı Dövlət Universitetində tələbələrlə görüşdüyünü də qeyd edib. O, sovet dövründə Azərbaycanın ali təhsil müəssisələrində Laos üçün 2 minədək mütəxəssisin hazırlandığını məmnunluqla xatırladaraq, bu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, parlament komitələri arasında əməkdaşlığın gücləndirilməsi və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsi məsələləri də diqqət mərkəzində olub.
19:25 13.10.2026
Oxunuş sayı: 63