Vüqar Bayramov: Azərbaycan-Laos iqtisadi əlaqələri yeni mərhələyə yüksələcək
Azərbaycan və Laos arasında siyasi münasibətlərin inkişafı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyev oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə birgə bəyanatında iki ölkə arasında mövcud ticarət dövriyyəsinin potensialı əks etdirmədiyini bildirib və iqtisadi əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunacağı təqdirdə onların nəzərdən keçirilə biləcəyini qeyd edib. Həmçinin Bakıda Azərbaycan-Laos biznes-forumunun keçirilməsi iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində nəzərdə tutulan addımlardan biri kimi diqqətə çatdırılıb. Bu fonda əsas məsələ siyasi dialoqun ticarət dövriyyəsinin artırılmasına, qarşılıqlı investisiyalara və konkret biznes layihələrinə necə çevriləcəyidir.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında iki ölkə arasında ticarət dövriyyəsinin hazırda 1 milyon ABŞ dollarından az olduğunu bildirərək yüksək səviyyəli görüşlərin iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib: “Azərbaycan-Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi prioritet məsələlərdəndir. Hələlik ticarət dövriyyəsi yüksək deyil və onun artırılması istiqamətində işlər aparılır. Hazırda ticarət dövriyyəsi 1 milyon dollardan azdır. Təbii ki, bu, həm də ölkələrin bir-birindən uzaq məsafədə yerləşməsi ilə bağlıdır. Bununla belə, ölkələr arasında qarşılıqlı əməkdaşlıq imkanları mövcuddur”.
O qeyd edib ki, hər iki ölkənin məhsullarının qarşılıqlı bazarlarda təqdim olunması ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar yaradır: “Bir tərəfdən Laosda Azərbaycan məhsulları üçün imkanlar var, digər tərəfdən isə Laosun da ixrac etdiyi məhsullar mövcuddur. Bu baxımdan, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi mümkündür”.
Vüqar Bayramovun fikrincə, Azərbaycan və Laos rəhbərləri arasında keçirilən yüksək səviyyəli görüşlər iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərə bilər: “Həm cənab Prezidentin, həm də Laos rəhbərinin mətbuata açıqlamalarında qeyd olunduğu kimi, məhz yüksək səviyyəli görüşlər və müzakirələr birmənalı şəkildə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsinə və ticarət dövriyyəsində yeni artımlara gətirib çıxaracaq”.
Nigar Xəlilli
17:00 13.10.2026
Oxunuş sayı: 266