Telefonlar insan fiziologiyasını dəyişir: əliniz və beliniz əyiləcək
Müasir dövrdə texnologiyanın inkişafı və rəqəmsal peşələrin artması ilə əlaqədar olaraq saatlarla kompüter qarşısında oturmaq, eyni mövqeyi saxlamaq və fasiləsiz klaviatura/siçan istifadə etmək insan orqanizmində müxtəlif dayaq-hərəkət və sinir sistemi xəstəliklərinə yol açır. Xüsusilə onurğa sütununda baş verən patologiyalar və üst ətraflarda yaranan sinir sıxılmaları gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Gündəlik əlimizdə telefon saxlamaq, reels izləmək və başı aşağı şəkildə telefonun ekranına baxmaq insan fiziologiyasına ciddi təsir göstərir.
Mövzu ilə bağlı terapevt Etibar Süleymanov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, uzun müddət eyni vəziyyətdə qalmaq xüsusən inkişafda olan orqanizm üçün daha böyük risk daşıyır:
"Uzun müddət eyni vəziyyətdə oturmaq və ya qalmaq onurğa dəyişikliklərinə, xüsusən körpələrdə və uşaqlarda ciddi problemlərə səbəb ola bilər. Amma yaşlı adamlarda adətən sümükləşmə prosesi başa çatandan sonra belə hallara daha az rast gəlinir".
E.Süleymanov müasir dövrün geniş yayılmış peşə xəstəliklərindən biri olan Tunel sindromuna və onun yaranma səbəblərinə diqqət çəkib:
"Eyni zamanda, kompüterdən çoxlu istifadə etdikdə, yazı işlərində və ya düyməciklərlə həddindən artıq məşğul olduqda tunel sindromu deyilən bir xəstəlik əmələ gəlir ki, bu da sinir boyu kəskin ağrılar verir. Buna görə də daima eyni qaydada və fasiləsiz kompüterlə məşğul olmaq məsləhət görülmür".
Mütəxəssis sonda oturaq iş şəraitində çalışan şəxslərə sağlamlıqlarını qorumaq üçün vacib tövsiyələrini verib:
"İş prosesində arabir ayağa qalxıb hərəkət eləmək, vaxtaşırı boyun və ümumi idman hərəkətləri etmək, eləcə də əllərə mütəmadi istirahət vermək lazımdır".
Fatimə Cabbarlı
18:00 13.10.2026
Oxunuş sayı: 51