İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə danışıqlar keçirilib. Hizbullahın Livanın cənubundan çıxması və Livan ordusunun həmin ərazilərə daxil olması ilə bağlı razılaşma əldə edilib. Netanyahu razılaşmaya əməl olunmazsa, yenidən hücuma keçəcəklərini bildirib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, Yaxın Şərq məsələləri üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib:
“Bildiyimiz kimi, dünən ABŞ vasitəçiliyi ilə İsrail-Livan arasında danışıqlar baş tutdu və İsrail baş naziri Benyamin Netanyahunun da bu danışıqların nəticəsi olaraq müəyyən açıqlamaları oldu. Əslində, bu açıqlamalara diqqət etdikdə razılașma ilə bağlı müəyyən fikir yürüdə bilərik.
ABŞ-nin vasitəçiliyi ilə keçirilmiş danıșıqlarda əsas təklif müəyyən məsafədə Livanın cənubundan Hizbullahın silahlı birləşmələrinin çıxarılması və 6 ay müddətində Livan qoşunlarının o ərazilərə daxil olması ilə bağlı idi. Razılașmaya gőrə, bunan parelel olaraq, İsrail Livanın nəzarəti altına aldığı əraziləri tərk etməlidir. Yəni, məsələyə diqqət etdikdə, biz razılaşmanın İsrailin hədəflərinə uyğun şəkildə əldə edilməsini görürük. Hədəf Hizbullah idi. İsrail maksimum şəkildə Hizbullahı öz sərhədlərindən uzaqlaşdırmağa çalışırdı və buna nail oldu.
Başqa bir məqam isə, Livanın ordusunun nə dərəcədə həmin ərazilərin təhlükəsizliyini təmin etmək gücündə olması ilə bağlıdır. Nəzərə alsaq ki, Livan ordusu uzun illər daxili müharibələr nəticəsində gücdən düşmüş bir vəziyyətdədir, eyni zamanda silah və texniki təchizatı da olduqca zəifdir, o zaman faktiki olaraq, bu razılaşmayla, İsrail öz şimal sərhədlərini zəif Livan ordusuna buraxmaqla öz şimal sərhədlərində vəziyyəti tam nəzarəti altına almış olur.
Digər düşündürücü məqam isə bu razılaşmaya Hizbullahın nə dərəcədə əməl edəcəyi ilə bağlıdır. Netanyahu açıqlamasında bildirir ki, əgər Hizbullah bu razılaşmaya əməl etməsə, biz yenidən hücuma keçəcəyk. Bundan belə nəticəyə gəlmək olar ki, Hizbullah bu razılașmaya őz münasibətini bildirib və faktiki olaraq razılașmanın içindədir.
Bundan sonrakı proseslərin isə artıq birbașa İran üzərində fokuslanacağını ehtimal etmək olar. Netanyahu açıqlamasında bunu vurğuladı. Lakin bunun açıq müharibə müstəvisində olma ehtimalı çox aşağıdır. Qəzzada HAMAS, Livanda Hizbullahla bağlı əməliyyatlardan sonra İsrailin Suriyada Haşdi-Şəabi, Yəməndə isə Ənsurallah üzərində təzyiqlərini artıracağını ehtimal etmək olar. İndilikdə isə faktiki olaraq İsrailin Livan istiqamətində öz hədəflərinə çatdığını söyləyə bilərik.
Samirə Şərif