Bazar iqtisadiyyatının müxtəlif aspektlərdə inkişaf perspektivləri mövcuddur. Bunlardan biri də BOKT-dur. Kredit-pul münasibətlərini tənzimləyən bu təşkilatların fəaliyyətində yeni qərarlar qəbul edilib. Qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
Ümumiyyətlə BOKT nədir?
BOKT — Bank Olmayan Kredit Təşkilatı deməkdir. Bu təşkilatlar bank funksiyalarını tam həyata keçirə bilməsələr də, müəyyən maliyyə xidmətləri göstərirlər. Onlar Mərkəzi Bankdan xüsusi razılıq aldıqdan sonra kredit verə bilirlər. Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT-ların fəaliyyətini tənzimləyir və onlara nəzarət edir. BOKT-lar ümumi iqtisadiyyatda nisbətən kiçik yer tutsalar da, müəyyən seqmentlərdə maliyyə boşluğunu doldurmaq baxımından mühüm əhəmiyyət daşıyırlar. Bəs BOKT-lar üçün nəzərdə tutulan yeni qaydalar kredit faizlərinin artırılmasına səbəb ola bilərmi? AMB-nin gələcəkdə BOKT sektoruna dair əlavə tənzimləmələr tətbiq etməsi gözlənilirmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, BOKT-larla bağlı edilən dəyişikliklər Azərbaycanda kredit faizlərinə ciddi təsir göstərə bilməz:
“Çünki BOKT-lar ümumi kredit bazarının cəmi 2%-ni təşkil edir. Onlar böyük maliyyə potensialına malik deyillər və əsasən banklardan kredit götürərək fəaliyyət göstərirlər. Kredit faizlərinin dəyişməsi də BOKT-ların banklardan aldıqları kreditlərin faiz dərəcəsindən asılıdır. Bu baxımdan, sözügedən qərarın ümumi bazara əhəmiyyətli təsiri gözlənilmir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT sektorunda nəzarəti gücləndirmək istiqamətində addımlar atır”.
X.Kərimli 300 min manat nizamnamə kapitalının artıq çox az hesab olunduğunu qeyd edib: “Bu məbləğ bir neçə il əvvəl müəyyən edilib, lakin hazırda bahalaşma prosesi davam edir. Ölkənin iqtisadi şəraiti, maliyyə imkanları, insanların gəlirləri və kredit götürmə qabiliyyəti də dəyişib. BOKT sahibləri əsasən yüksək maliyyə imkanlarına malik şəxslərdir və əksər təşkilatların nizamnamə kapitalı artıq 1 milyon manatdan çoxdur. Daha az kapitala sahib olan təşkilatlar da sahibkarların əlavə pul vəsaiti qoyması ilə, kreditvermə və maliyyə imkanlarını genişləndirə bilərlər. BOKT-lar sektorun güclənməsinə və kapitallaşmanın artmasına xidmət edir. Yeni qərarların hər hansı bir problem yaradacağı gözlənilmir və əslində bu addım daha əvvəl atılmalı idi”.
Gülay Məmmədova