Araşdırma

Zatımı Təbrizdə kəşf etdim, həqiqətin günəşi Azərbaycanda parladı,

Azərbaycan peyğəmbərlərin və ərmişlərin (övliyaların) parlayan almasıdır.

Fəzlullah Nəimi

Azərbaycan qədim, zəngin tarixi və mədəniyyəti ilə təkcə türk-islam dünyasının deyil, eyni zamanda bəşəriyyətin mədəniyyət mərkəzlərindən biri kimi qəbul edilir. Azərbaycan xalqınin yaşadığı tarixi ərazi şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan geniş arialı əhatə edir. Hər bir millətin milli kimliyinin, adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin formalaşmasında inanc sistemi olan dinlər və dini təmaüllü cərəyanlar mühüm rol oynamışdır.

Millətlərin hansısa dini qəbuletmə tarixi uzaq və ya yaxın ola bilər, amma millətlərin sosial həyatında, cəmiyyətlərin inkişafında, insanların həyat tərzlərində dinlər mühüm rol oynamışlar. Hal-hazırda da din amili dövlətlərarası münasibətlərədə mühüm amil olduğu qədər insanların həyat tərzini və baxışlarını formalaşdıran amil olaraq qalmışdır. Şərqin və qərbin qapısı adlandırılan Azərbaycan sivilizasiyanın inkişaf etməyə başladığı bəşər tarixinin qədim mədəniyyət mərkəzlərindən biridir.

Yerləşdiyi coğrafi mövqeyi və qədim ipək yolunun üzərində yerləşməsi amili qədim Azərbaycan xalqına müxtəlif mədəniyyətlərlə ünsiyyətdə olmaq, əlaqələr qurmaq və yaxından tanımaq imkanı qazandırmışdır. Qurulan əlaqələr yeni-yeni mədəniyyətlər, dinlər və ideologiyaları tanımaq imkanı olmaqla yanaşı, müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə düşmək və nələrisə əxz etmək deməkdir. Müxtəlif mədəniyyətlərin qovşağında yerləşməsi Azərbaycan xalqının təkcə maddi deyil, eyni zamanda mənəvi mədəniyyətinin zənginləşməsinə və inkişafına da təkan vermişdir. Azərbaycan ərazisində yaranmış ümumbəşəri Zərdüştlük dininin Azərbaycan sərhədlərini aşaraq geniş coğrafiyada yayılması sübut edir ki, Azərbaycan mədəniyyəti təkcə bir xalqa məxsus lokal mədəniyyət xarakteri daşımır. Əksinə, Azərbaycan mədəniyyəti ümumbəşəri xarakterə malik qədim və zəngin mədəniyyətdir.

Tarixçilərin vurğuladıqları qiymətli bir deyim var, Türklər tarixən də tək Allahlıq dini olan Göy Tanrı dinində olmuşlar. Nə zaman İudaizm, Xristianlıq, Bütpərəstliyi və digər dinləri qəbul etmişlərsə, milli kimliklərini zamanla itirmiş və digər millətlərinin içində assimiliyasiyaya uğrayıb başqa kimliyə bürünərək tədricən tarix səhnəsindən silinmişlər (nadir istisanalar, məsələn xristian qaqauzlar xaric). İslam dinini qəbul etməklə babalarımız nəinki Türk kimliklərini itirmədilər, əksinə, Türk kimliyi İslam kimliyi ilə bütövləşərək və daha da zənginləşərək orta əsrlərə damğasını vurmuş böyük Türk-İslam mədəniyyəti formalaşmağa başladı.

Tarixə nəzər yetirərkən məlum olur ki, Azərbaycan xalqına məxsus qədim mədəniyyətin nümunəsi kimi Zərdüştlik dini yeganə nümunə deyil. Tarixən bu ərazidə Azərbaycan xalqına məxsus müxtəlif fəlsəfi fikir axınları, təriqətlər, mistik cərəyanlar yaranmış və çox zaman yayılma arealına görə Azərbaycan sərhədlərini aşaraq ümumbəşəri dəyər qazanmışlar. Buraya Xəlvətilik təriqəti, Qızılbaşlıq, Əhli həqq və Hürufilik cərəyanı aiddir. Bu cərəyanların ən mühümlərindən biri də Hürufilikdir. Azərbaycan mənşəli olan Hürufiliyin Azərbaycanda dini-mistik (batini) düşüncənin formalaşmasında və inkişafında böyük rolu olmuşdur. Hürufilik əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuş XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda geniş yayılmış hərflər və rəqəmlər üzərindən Quranın batinini izah etməyə çalışan İlahi İdrak (Sufi) cərəyanıdır.

Məsələn Hürufilərə görə  Qurani Kərimin ilk surəsi olan və “ümmül kitab” yəni kitabın anası adı verilmiş Fatihə surəsi 7 ayədən ibarətdir. Bu 7 ayə təzə anadan olmuş uşağın üzündə “hütutu ümumiyyə” adı verilən 7 ana xəttə işarət edirki, fatihə zamanı salavat gətirmiş şəxs bu 7 xətlə təmasda olur. Hürufilərin  sayı məsələsinə baxışına gəlincə onlar ərəb əlifbasında olan 28 hərfi və onun üzərinə 4 fars əlifbasının hərfini gələrək 32 hərfdən əmələ gəlmiş 32 sayını  təməl sayı hesab edirdilər.

Hürufilik əslində hürufilərin daimi olaraq özləri barədə işlətdikləri ad deyil, hürufilik hərflərin yozumuya məşğul olduqları üçün  daha çox kənardan və araşdırmaçılar tərəfindən bu cəryanın ardıcıllarına verilmişdir addır. Onlar zaman-zaman dərviş, əhli fəzl, ərbabi fəzl və taife hürufiyyə kimi müxtəlif adlarlarla adlanmışlar. Fəzlullah Nəiminin xəlifəsi və anadoluda hürufiliyin yayılmasında mühüm rol oynamış Mir Şərif isə özünün “İsmu Mussəma” adlı əsərində hürufilərdən “Əhli həqq” və ya Əhli məna” kimi bəhs edir.

Hürufi adına digər maraqlı yorum Cavid Murtəza oğlunun “Yarizm” kitabında“ əksini tapmışdır. Bu kitabda Əhli Həqq” cəryanınının yarandığından müasir dövrə qədər  3 mərhələ keçdiyini və ilk dövür Əhli həqlərinin araf arifləri olan Hürifilər olduğunu qeyd etmişdir, ikinci dövür “Sani” üçüncü dövür isə “Fipa” dövürü olaraq kitabda əksini tapmışdır. Kitabda həmçini “Əhli Həqq” piramidasının qurucusu Sultan Sahakın(Seyid İshak) Fəzlullah Nəiminin davamçısı olduğu qeyd edilmişdir.

Hürufilərin dini təlimlərə və  Qurana olan batini yorumları təkcə bu təlimin ardıcılarına deyil digər təlimlərə və təriqətlərə güclü təsir etmişdir. Fəzlullah Nəiminin ölümündən sonra xəlifələri və ardıcılarının Anadoludan balkanlara qədər yayılması zaman-zaman dövlət idarəçiləri tərəfindən təhlükəli olaraq görülmüş və fəaliyyətlərinin qadağan olması səbəbilə hürufilər bektaşi təkkələrinə sığınaraq fikirlərini təbliğ etmişlər. Bu təsir hətta o qədər yüksək olmuşdur ki, bəzi bektaşilər tərəfindən “bektaşi övliyası” kimi qəbul edilir. Bektaşilərin ədəb və ərkan kitabı ərkannamələrdə isə bu təsir özünü xüsusilə gösətrir.Əkrannamənin “vücudnamə” hissəsində deyilir: İnsan vücudu göbekdən aşağı yeddi qat yer və göbəkdən yuxarı yeddi qat göydür.  İnsanın başı isə Ərşdir. Yeddi qat yerdə və yeddi qat göynə nə varsa hamısının həqiqəti  ərşdədir. İnsan bədənində həmçini nə varsa sirri başdadır və Adəmin camalında 28 hərf mövcuddur.

Təqdiqatçıların bəziləri Hürufiliyi təriqət adlnadırsalar da hürufilərə görə hürufilik mərifət məqamında olmuş Sufi cərəyanıdır. Nəticə etibari ilə təriqətdə sufi yolu sayılır, amma inzivaya çəklilib çilə çəkməklə batinini saflaşdıraraq insani-kamil mərtəbəsinə yetişmə təliminə üstünlük verən təriqətdən fərqli olaraq mərifət məqamında olduqlarını söyləyən hürufilər hərf və rəqəmlərlə rəmzlərin batini mənasıını anlamağa, düşünməklə insanın özünü idrak etməyə və insanın üzünü bir kitabə kimi oxuyaraq içindəki sirrə yetişməyə üstünlük verirdilər.Hürufilikdə əsas məqsəd mövcud hərflər və rəqəmlər arasından insana, insanın danışmasına, özünü izah etməsinə və bilgilənməsinə çalışmaqdır. Hürufiliyə görə yalnız özünü dərk edə  bilmiş insan Kainatı və Allahı dərk edə bilər.

Bu təlimə əsasən İnsan, müəyyən saydakı hərflərlə danışmaqdadır. İnsan, bu hərflər, hərflərin tələffüzündən yaranmış kəlmələrlə Tanrı həqiqətini dərk edə bilər, hərflər və rəqəmlərə Allahı dərk etmək imkanını Allah özü insanlara vermişdir. Həqiqəti idrak etmiş kamil insan cismən kainatın zərrəsi, ruhən isə küllü kainat oldunu anlayar və sirlərə vaqif olar, kamil insan “danışan Qurandır, yəni Quran-i Natiq”, kağıza yazılmış kitab Quran isə “Səssiz Qurandır yəni Quran-i Samit”. “Danışan Quran” təbii olaraq təkamül yolu keçir, dəyişir, lakin “Səssiz Quran” Hz. Peyğəmbərimizə gəldiyi formada dəyişilmədən və dəyişilməyə yol verilmədən davam etmişdir, qiyamətə qədər də dəyişilikliyə uğramayacaq və dəyişmək istəyənlər olsa belə buna yol verilməyəcəkdir.

Araşdırmaçıların Hürufi təlimi haqqında müxtəlif və ziddiyyətli fikirləri olsa da Hürufiliyin yarandığı ərazinin birmənalı olaraq Azərbaycan olduğu mövzusunda həmfikirdirlər. Hürufilik Azərbaycan ərazisində yaransa da hürufilərin təbliği nəticəsində Hürufilik təlimi və təbliğ etdikləri fikirləri təkcə Azərbaycan ərazisi ilə məhdudlaşmayıb, Azərbaycan sərhədlərini aşaraq Anadolu və Balkanlara qədər geniş əraziyə yayılmışdır. Hürufi təlimi sadə xalq tərəfindən qəbul edilib sevilirdisə də, dövrün ruhaniləri və dövlət başçıları tərəfindən bu təlimi qəbul etmiş müridlər insanın ruhən və cismən azad olmalı olduğu fikirlərinə görə üsyançı və dindən dönmüş kafir adıyla təqib edilmiş, həyatları çox zaman faciəvi sonluqla bitmişdir. Bu səbəbdən mənbələrdə Hürufilərin dünyagörüşü barədə müxtəlif ziddiyyətli və əksər halda qərəzli fikirlər mövcuddur. Ziddiyyətli və qərəzli fikirlər bunlardır:

  1. Fəzlullah Nəimi farsdır.
  2. Hürufilik Kabaladan təsirlənərək yaradılmışdır.
  3. Hürufilik Türk deyil fars düşüncə tərzinin məhsuludur.

Maraqlıdır ki, iddianın doğruluğunu indi də sübut etməyə çalışanlar var. Əslinə baxılarsa Fəzlullah Nəimi kimi həyatını insanın mənəvi və cismani azadlığına həsr etmiş, inancı uğrunda faciəvi surətdə öldürülməkdən belə çəkinməyən böyük ustadın mənəvi böyüklüyü fonunda fars ya da türk olması onun özü və ardıcılları üçün o qədər də əhəmiyyətli deyil. Lakin belə iftiralara obyektiv cavab verilməli və tarixi həqiqətlər insanlara olduğu kimi çatdırılmalıdır. Qeyd edək ki, Nəiminin doğum yeri barədə qaynaqlarda müxtəlif məlumatlar var. Yazılı qaynaqlarda Fəzlullah Nəiminin doğum yeri olaraq 3 əsas ünvan Təbriz, Şirvan və Məşhəd göstərilmişdir.

Göstərilən ünvanlar arasında araşdırmaçıların çoxluqla üzərində durduqları yer Təbriz şəhəridir. Fatih Usluərin “Hürufilik” adlı kitabında Fəzlullah Nəiminin Xəlifəsi Əliyull Əlanın Nəiminin Astarabaddan olmasını qeyd olunub.

Görkəmli Azərbaycan alimi Məhəmmədəli Tərbiyət Nəimi haqqında aşağıdakı məlumatı vermişdir: Nəimi Şah Fəzlullah ibn Əbu Məhəmməd Təbrizi XIV əsrin məşhur şəxsiyyətlərindən olmuşdur. Şah Fəzlullah Hacı Bəktaş Vəlinin vəfatından iki il sonra 1340-cı ildə anadan olmuş, həddi-buluğa çatdıqdan təlimini bəyan etmişdir. Şah Fəzlullah 1394-cü ildə Şirvan şəhərində həbs olunmuş və orada “Cavidannamə” əsərini yazmışdır. Nəiminin Astarabddan olması barədə müasir dövrdə yaşayan və hürufiliyə yaxın cəryan olan Əhli Həqq cəryanın mənsub, əslən Təbrizli Cavid Murtəzaoğlu Hürifilər və Əhli-haqq ələvilərınin 24 ulu ərəni haqqında “Yarizm” adlı kitabında belə yazır: Fəzlullah Nəiminin əsl adı Fəzlullah ibn-i Abdurrahman Hüseyndir. Hicri 740-cı ildə Təbrizin cənubunda İlxıçı qəsəbəsində anadan olmuşdur və buna görə ona Astarabadlı Nəimi deyilir.

Kitabda bəhs edilən İlxıçı kənd Azərbaycan Türklərinin yaşadığı yaşayış məntəqəsi olmuşdur. Məlumat üçün qeyd edək ki, hazırda da İlxıçılarda Hürufiliyə bağlı və dili Türkcə olan Əhli-haqq mürşidləri yaşamaqdadır. Fəzlullah 18-19 yaşlarında təsəvvüfə meyl etmiş və vaxtının çoxunu ibadətlə  məşğul olmuşdur. Hələ gənc yaşlarından Fəzlullahı məhşurlaşdıran xsusiyyətlərindən biridə yuxu yozma qabilyyəti olmuşdur. Fəzlullaha görə son peyğəmbər Məhəmməd peyğəmbərdən sonra vəhy qapısı bağlanmışdır ama yuxu qapısı açıqdır. Yaşayışını öz zəhmətilə, papaq tikib sataraq əldə etdiyi qazanci ilə keçirən və kimsəyə möhtac olmayan Fəzlullah bu əməlinə görə halal-xor (halal yeyən) ləqəbini qazanmışdır.

Hürufilərə qarşı digər haqsız irad Hürufilik cərəyanının qurucusu Fəzlullah Nəiminin və ardıcıllarının islam dininin müqəddəs kitabı “Qurani Kərimi” hərflər və rəqəmlərlə izah etməyə çalışdıqları üçün Hürufilik təliminin İudaizmin Kabala təlimindən təsirlənərək yaranması haqqında iraddır. Kabala sözü qədim ibranicə “Kibbel”, yəni adətlərlə qəbul olunmuş mənasına gəlir. Tarixi mənbələrdə ilk dəfə Kabala sözü və adı “Səfər Zohar” olan ilk Kabala kitabı 13-ci əsrə aiddir.

Qədim Azərbaycan mifologiyasını, digər türk xalqlarının dini və fəlsəfi dünyagörüşünü və həmçini islam dininin batini fəlsəfəsini araşdırarkən məlum olur ki, Fəzlullah Nəiminin rəqəmlər və hərf elmi barədə kabaladan faydalanmağa səbəbi və ehtiyacı yox idi. Çünki, qədim islam mənbələrində və Türk mifologiyasında  rəqəmlər və hərflərin mənaları və rəmzləri barədə təsəvvürlər hətta kabala yaranmazdan əvvəl  mövcud olmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan insanının dini-fəlsəfi dünyagörüşündə və inanc sistemində rəqəmlərin mistik gücünə inam və batini elm sahibləri olan övliyara və ərmişlərə hörmət İslamdan əvvəldə mövcud olmuşdur. Sadəcə Fəzlullah Nəimi əsasını qoyduğu hürufilik təlimi vasitəsilə hərflər və rəqəmlər barədə mövcud olan təsəvvürləri və batin elmə sahib sufilər tərəfindən gizli olaraq istifadə edilən hərfçilik elmini sistemləşdirərə geniş gütləyə təqdim etmişdir.

Hürufiliyin istifadə etdiyi (elmi lədun) hərf və rəqəm elminin kabaladan öncə Türklərə və daha sonra İslam dünyasına məlum olduğunun isbatı aşağıdakılardır:

1. Qədim Türk mifologiyasında qutsal rəqəmlər.

2. Zərdüşt dinində rəqəmlərə verilən önəm.

3. İslamın ilk illərində hərflər və rəqəmlərin sirləri barədə anlayışlar.

4. Azərbaycan ərazisində elmi lədunun tarixi.

5. Türklərin əhli-beytdən İslamın batini sirlərini öyrənməsi.

Qədim Türk mifologiyasında bəzi rəqəmlərə mənalar yüklənilməsinə və xüsusən 7, 9 və 40 rəqəmlərinin Tanrı tərəfindən qutsallaşdırıldığına inanılırdı. Oğuzlarda xaqanın hakimiyyət rəmzi olan tuğu 9 ədəd və yaxud doqquz başlı olurdu.(7) Doqquz başlı tuğ türklərin dünya hakimiyyətinə işarət idi. Çünki qədim Türklərin dünyagörüşünə əsasən dünya 9 hissədən ibarətdir və Oğuz xaqanı dünyanın doqquz hissəsinin hakimi sayıldığından Xaqan tuğu rəmzi olaraq 9 başlı olurdu. Doqquz rəqəmi barədə qədim türk dastanı “Kitabi Dədə Qorqud”da belə bir epizod var, Dəli Domrulun anadan olması münasibətilə atası 9 buğa kəsir.

Altay Türklərində Şamanlar üzərində 9 ox və yay gəzdirirlər, çünki Altay Türkləri insanın skeletinin ovuc, ayaq sümüyü, baş, bel, dirsək, diz, əl biləyi, çiyin və topuq olmaqla, 9 hissədən olduğuna və 9 oxun Allah tərəfindən onlara verildiyinə inanırdılar. Türklər dinlərindən aslı olmayaraq 40 rəqəmini daima digər rəqəmlərdən üstün tutmuş və qutsamışlar. Maraqlıdır ki, günümüzün xristiyan türklərində 40 rahib və ələvi türklərdə 40-lar məclisi deyilən müqəddəslər var.

Qədim Azərbaycan Türklərinin dini olan Zərdüştlikdə bəzi rəqəmlər müqəddəs hesab edilirdi. Zərdüştlərdə yeddi rəqəmi ölümsüz əziz, yüksək ruhlar olaraq adlandırılırdı, bunlar xoş niyyət, yüksək ədalət, arzulanan Tanrının Krallığı, xoş xasiyyətlilik, mükəmməl sağlıq, ölümsüzlük və şuurlu itaət hesab edilirdi. Yeddinin önəminə gəlincə, qədim Zərdüştçülükdə Amesha Spentas, yəni 6 bələdçi ruh anlayışı vardı, Zərdüşt kahinlərinin inancına görə ədalət və yaxşılıq tanrısı Ahura Mazdanın 6 bələdçi ruhla bütünləşməsilə 7 rəqəminin qutsallığı meydana gəlmişdir. Yenə Zərdüştliyə görə dünya dağının təpəsindən axan çayın ayırdığı yeddi ərazi, atəşin yeddi növü və yeddi ilahi nur vardır.

Bir sıra müəlliflərin Hürufiliyi hərf və rəqəmlərə görə kabalaya bağlamaları olduqca böyük xətadır, hələ kabala sözünün tarix səhnəsinə qədəm qoymasından 600 illər əvvəl İslam aləmində rəqəmlərin və hərflərin mistik mənaları və rəmzləri barədə anlayış mövcud idi. Böyük İslam bilgini Muhiyyiddin ibn Ərəbinin “Fütuhati Məkkiyə” əsərində, Mənsur Həllacın “Təvasin” və digər kitablarında İslam mistiklərinin kabaladan öncə hərflərdən və rəqəmlərdən məna çıxarma fəlsəfəsi üzərində dərin araşdırmalar aparması məlumdur.

Türkiyəli Prof. Dr. Mahmut Erol Kılıç kabalanı araşdıran Avropalı və yahudi araşırmaçılardan bəzilərinin kabalanın  islam sufilərinin elmindən istifadə edilərək yaradıldığı qənaətində olduqlarını yazır. Məsələn yahudi əsilli araşdırmaçı Paul Fenton araşdırmalarında Kabalanın İspaniyada ortaya çıxdığını və Kabala mətinlərinin əslinin İspaniyada yahudiləri tərəfindən İspaniyada yaşamış böyük islam mistiki Mühiyiddin İbn Ərəbinin ərəbcə yazdığı əsərlərinin olduğu kimi ibranicəyə çevrilərək Kabalanın əsasını qoyduqlarını sübut etmişdir.

Hərflər və rəqəmlərin gizli sirrlərinin islam dinində mövcud olması haqqında az insan məlumatı olduğu və Qurani Kərim oxucularının əksərinin fərqində olmadığı maraqlı dəlil islamın müqəddəs kitabı “Qurani Kərim”in 29 ayəsinin başlığında yazılmış və mənası bilinməyən “hərfi müqətta” deyilən sirrli hərflərdir, Bu hərflərin nə məna daşıması, açması barədə Quranda və Hz.Peyğəmbərimizin hədislərində açıqlamalar yoxdur.

Hərfi müqətta hərfləri bunlardır: Əlif, Hə, Ra, Sin, Sad, Ta, Ayn, Kəf, Qaf, Ləm, Mim, Nun, Ha və Yə. Müqətta kəlməsi ərəbcə kəsilmiş, kəsik, ayrı mənasını daşıyır və hərflər barədə islam aləmində iki müxtəlif fikir var:

1. Hərfi müqətta ALLAH-ın sirridir, kimsə mənasını dərk edə bilməz.

2.ALLAH-ın kitabı Qurani Kərim insanlar üçün gəlib və onda anlaşılmayacaq heçnə yoxdur, sadəcə rəmzləri düzgün oxuya bilmək lazımdır.

Birinci fikrin tərəfdarlarından fərqli olaraq ikinci fikrin tərəfdarı olan hürufilər Quranın gizli sirrinin 29 surənin başlığında əksini tapan və 14 hərfdən ibarət olan hərfi müqəttalarda olduğunu və Allah sözünün insan simasında məhz hərfi müqətta olan 14 hərf ilə həkk edildiyini söyləyirdilər.

Hərflər və rəqəmlərin fəlsəfəsi və sirrləri barədə  böyük səhabələrin maraqlı fikirləri olmuşdur. Hələ İslamın ilk illərində yaşamış islamın batini sirrinə vaqif olan 4-cü Xəlifə Əli ibn Əbu Talib haqqında Süleyman ibni İbrahim Qunduzini ibni Təlhə Əl-Hələbi Şafii “Dürrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirrlər isə bismillahdadır və bismillahda olan bütün sirrlər bismillahdakı bə hərfindədir.

Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm” (Qunduzi: “Yənabiul-Məvəddə” səh.69). Yaşar Nuri Öztürk “Tarihi Boyunca Bektaşilik” adlı kitabında bu mövzuda yazır: “Bunu da söyləyim ki, hərfləri muxtəlif qruplara bölmək və çox zaman sirrli mənalar vermək işi, əsahabələr dövründə başlamışdı. Hətta Hz.Əli’nin: “Qur’an Fatihə’dən, Fatihə Bismilllah’dan, Bismilllah Bə hərfindən ibarətdir və mən o Bə hərfinin altındakı nöqtəyəm” sözü hər kəsə məlumdur. 

İslam dinində hərf və rəqəmlərin gizli sirrləri barədə mövcud elm olan və hürufilərin də geniş istifadə etdiyi “Əbcəd” elminin hələ islamdan öncə istifadə edildiyi barədə məlumatlar olsa da müasir əbcədin Hz. Əli tərəfindən sistemləşdirilərək indiki formaya salması məlumdur. Əbcəd – elmi ərəb əlifbasında hər bir hərfə rəqəmlə dəyərin verilməsi, nəticənin toplanıb hesablanmasına və toplanılmış rəqəmlər vasitəsilə gələcəkdə olacaqlar barəsində xəbər verilməsinə deyilir. Yəni, ərəb əlifbasında saitləri çıxmaq şərtilə hər samit hərf bir rəqəmə uyğun gəlir. Hərflərin dəyəri olan rəqəmlərdən istifadə edilərək müxtəlif hesablamalar aparılır, alınmış nəticələrin alınma üsul və formasına “əbcəd hesabı” və ya “hisab-i cüməl” elmi deyilir. Hərflər və rəqəmlər elmi mistik elm olduğuna görə İslamda “Elmi lədun” adlanan batini elmin tərkib hissəsidir.

Elmi lədun Allaha məxsus elm olmaqla, bəzi peyğəmbərlərə vəhy, övliyalara ilhamla verilən gizli elmdir. Kabaladan fərqli olaraq islamın batini elmi olan elmi lədun vasitəsilə sirrlərə vaqif olaraq mistik xüsusiyyətlərə malik olan övliyalar, Allah dostları və saleh bəndələrdir. Elmi lədun haqqında ilkin təsəvvürlər bu torpaqlarda təkcə İslamla gəlməmişdir. Maraqlıdır ki, Azərbaycan ərazisi hələ islamdan çox-çox əvvəl hətta İudazimdən öncə elmi lədunun yarandığı və təşəkkül tapdığı mərkəzlərdən olmuşdur. Bunun isbatı üçün Quranı Kərimi, Azərbaycan ərazisində baş vermiş tarixi hadisələri və bu mövcud ziyarətgahları araşdırarkən müqəddəs kitabla uyğunluq təşkil edən maraqlı faktlara rast gəlinir.

Azərbaycanın Xızı rayonunun ərazisində “Beş barmaq” piri deyilən ziyarətgah mövcuddur, pirin adına ölməz Xızır mənası verən Xızır Zində və yaxud Xıdır Zində deyilir. Ziyarətgah dəniz kənarında qayalıqda yerləşir və qayalıqda ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları vardır. Xıdır, yaxud da Xızır Quranda adı keçən elmi ləduna malik Allahın sevimli qullarındandır.

Bəzi mənbələrdə Xızırın peyğəmbər olması qeyd olunsa da, lakin Quranda adı peyğəmbər kimi deyil, Allah dərgahının mərhəmət göstərdiyi və elmi lədun öyrədildiyi sirr sahibi övliya kimi keçmişdir. Qurani Kərimin Əl Kəhf surəsinin 60-cı ayəsində deyilir: Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm”. Daha sonra hadisə bu cür davam edir: Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.

Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” – dedi. Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. Musa “elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. Onlar orada öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən (Elmi lədun) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”. Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.

Qurani Kərimin Kəhf surədə yazılan əlamətləri incələrkən hadisənin Azərbaycan ərazisində baş verməsini sübut edən aşağıdakı maraqlı məqamlar ortaya çıxır:

1.  Allahın dostu Xızırla Musa peyğəmbərin görüşdüyü yer dəniz kənarıdır və Xıdır Zində ziyarətgahı Xəzər (Xızır) dənizinin kənarında yerləşir.

2 .Hadisədə dənizdən söhbət açılır və Xızır Zində Pirinin yaxınlığında yerləşən dəniz Xəzər dənizi adlanır. Xıdır, Xəzər və Xızır eyni köklü sözlərdir və bu isimlərdən saitləri çıxartsaq  “XZR” sözü alınır.

3. Qurana əsasən Musa peyğəmbər Xızırla dənizə yaxın qayalıq ərazidə görüşmüşdür. Xıdır Zində ziyarətgahı sırf qayalıq ərazidə yerləşir. Qurani Kərim Əl- Kəhf surəsi 63 – (Xidmətçi) dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. (Balıq dirilib) Qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”1.  Demək ki, onlar qayadan uzaqlaşıblar və yenidən qayalığa Xıdır Zində ziyarətgahında Xızırla görüşməyə dönüblər (şəkil1).

4. Hadisənin baş verdiyi məkan kimi dənizlərin qovuşduğu yer, yəni iki dəniz arası ərazi olaraq qeyd edilmişdir. Heç şübhəsiz, ziyarətgah Azərbaycanda yerləşdiyi üçün iki dəniz arası – Qara dənizlə Xəzər dənizinin arasında yerləşən ərazi Azərbaycan ərazisidir (şəkil 2).

Şəkil 2

Baş verən hadisələrin xülasəsinə əsasən hadisənin dənizə yaxın qayalıqda baş verməsi və dənizin adının Xızır sözünə yaxın Xəzər dənizi olması “Xızır Zində” Pirinə tam uyğun gəlir. Çünki, bu pir həm dəniz sahilində yerləşir və həm də qayalıqdan ibarətdir və Quranda haqqında  buyurulmuş hadisəyə əsasən göstərilmiş əlamətlərlə Xızır Zində Pirinin yerləşdiyi ərazinin əlamətləri eyniyyət təşkil edir. Ümumiyyətlə söyləmək olar ki, Əl Kəhf, yəni “mağara” surəsi sırf Azərbaycanla əlaqədar enmiş surədir. Bu surədə cərəyan edən hadisələr Azərbaycanla bağlıdır və Əl Kəhf mağarası Naxçıvandan 12 km məsafədə İlandağ ilə Nəhəcir dağı arasında əhali tərəfindən Əshabi-Kəhf adıyla məşhur olan ziyarətgahdır.

Çox təəssüf ki, son dövrlər milli və mənəvi dəyərlərimizə qarşı çox yanlış düşüncə tərzi formalaşmağa başlamışdır. Bu yanlış düşüncəyə əsasən yaxşı nə varsa, digər din və mədəniyyətlərə aid edilir, hətta türk və islam mədəniyyət nümunələrinin kökündə belə yad ünsürlərin olduğunu ciddi cəhdlə sübut etməyə çalışırlar. Hürufiliyi kabalaya bağlamaq istəyənlər Quranda əksini tapmış Xızırla Musa peyğəmbərin hadisəsini nədənsə görməzlikdən gəlirlər. Çünki Qurana əsasən, Iudaizmin yaradıcısı Musa peyğəmbər batini elm olan lədun elmini bu torpaqların övladı Xızırdan öyrənməyə cəhd edib və hətta nail olmayıbsa Fəzlullah Nəiminin rəqəmlər və hərf elmini iudaizmdən doğmuş kabaladan əxz etməyi yanlış iddiadır.

Azərbaycan ərazisində İslamın Batini elminin yayılmasında digər maraqlı faktor peyğəmbər elminin daşıyıcıları peyğəmbər övladlarının Əməvi zülmündən xilas olmaq məqsədilə bu torpaqlara hicrət etmələridir. Dünyavi və dini elmlərin mahir bilicisi Əhlibeyt imamlarından 7-cisi İmam Rza dövrünün Abbasi Xəlifəsi Məmun tərəfindən Mədinədən Mərvə dəvət (əslində Mədinədən uzaqlaşdırılaraq sürgün edilməsi) edilərkən türklər tərəfindən mehribanlıqla qarşılanmış və sevilmişdir. Türklərin məhz bu dönəmdə İslamın Batini elmi və təsəvvüflə imam Rza vasitəsilə tanış olması söylənililir. Batini İslam elminə malik böyük türk sufisi, piri Türküstan adlanan və Türklərin islamı qəbul etməsində böyük rol oynayan Əhməd Yasəvinin elmini və peyğəmbərin qutsal əmanətlərini İmam Rza vasitəsilə ona verildiyinə inanılır. Deyilənlərə görə, Əhməd Yasəvi bu müqəddəs əmanətləri təkkəsində saxlayırmış. Əmanətlər bunlardır: tac, hırqa, süfrə, ələm və səccadə.

Bektaşilərə görə bu əmanətlər Tanrı tərəfindən Peygəmbərə verilmiş, ondan da Əli Murtəzaya və Əlidən sonra da bunları Əhməd Yasəviyə verilmək üçün vəsiyyət edilərək 8-ci İmam Əli Ər-Rzaya qədər bütün İmamlara əvvəlkindən sonrasına əmanət olaraq verilmişdir. Nəhayət, Əhməd Yasəvî də bunları Xorasanlı Hacı Bektaş Vəliyə əmanət etmişdir. Verilən əmanətlər əslində həm də ilahi sirrə (batini elmə) dəlalət edir və sirrin verilməsində İmam Rza vasitəçi rolunu oynayır. Yəni İmam Rza tərəfindən verilən əmanətlərlə birlikdə həm də Hz.Peyğəmbərimizdən Türküstan pirinə  sirr verilmişdir. Sufizimdə sirr dedikdə elmi lədun və yaxud batini elm nəzərdə tutulur. Təkcə bu fakt belə Türklərin əhlibeyt nümayəndələri (peyğəmbər övladları) vasitəsilə batini elmə sahiblənməsinə və Hürufiliyi yaradanların kabaladan yararlanmasına ehtiyacı olmadığına sübutdur.

Yuxarıda qeyd etdiyim kimi, Hürufiliyin yarandığı ərazi sırf Azərbaycan ərazisi və cərəyanın yaradıcıları, başda Fəzlullah Nəimi olmaqla əsas rəhbərlər Azərbaycan türkləri olmuşlar. Hürufilər Azərbaycanda dini mistik düşüncənin formalaşmasında və yayılmasında yeni bir dönəmin əsasını qoymuşlar. Bu dönəmdə Hürufilik təkcə hürufi böyüklərinin öz elimlərini mürüdlərinə öyrətməklə məhdudlaşmayıb, eyni zamanda Hürufi şairləri dünyanın yaradılışı, tövhid, fəna və bəqa, kunfeyakkun, Tanrının insanda təcəllası, hərflər və rəqəmlərin gizli mənaları və digər Hürufi sirrlərini misraların arasında gizlədərək yazdıqları şeir və qəzəllərində tərənnüm edirdilər.

Ol mənəm ki, kaşifi-gənci-tilismi-aləməm,

Vaqifi-sirri-kəlamullahü vəchi-adəməm…

“Küntü kənz”in gövhəri nitqimdən olmuşdur zühur,

Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm…

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,

Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.

İlk dəfə hürufilər tərəfindən sufi sirrləri daha başa düşülən formada və bədii üslubda xalqa çatdırılmış, dildən-dilə dolaşan Hürufi şairlərinin şeir və qəzəlləri Hürufiyi təbliğ etməkdə mühüm vasitə olmuşdur və bu şeirlərin xalq arasında yayılmasında hürufi dərvişlər mühüm rol oynamışlar. Qəzəlləri xalq tərəfindən sevilən Hürufi  şairlərin önündə İmaməddin Nəsimi, Əliyull Əla kimi Fəzlullahın müridləri ilə yanaşı, Şah İsmayılın dövründə yaşamış və Şahın yaxın döstlarından olmuş Süruri kimi Hürufilər gəlir.

Nəsiminin qəzəlləri hürufiliyin təbliğində mühüm amil olmaqla yanaşı, Azərbaycanca yazdığı şeir və qəzəlləri Azərbaycan ədəbiyyatının, xüsusən də Azərbaycan dilində irfan ədəbiyyatının inkişafına töhvələr vermişdir. Nəsimi Sufi yolunu təkcə nəzəri deyil praktik əməl etdiyi üçün şeirlər olduqca zəngin və anlaşılandır. Nəsimini yaradıcılığını araşdırarkən digər sufilər kimi Hz Əliyə bağlılıq hiss olunur və şair tez-tez Hz.Əliyə müraciət edir. Sufilərin Əliyə olan eşqini bəzən qısqanclıqlarada səbəb olub Hz Əlini Məhəmməd peyğəmbərdən uca tuturlar kimi əsassız ittihamlar irəli sürülsədə Nəsiminin bu şeiri bütün ittiahmlara cavabdır:

Gəldilər həqdən bəyanə sirri ağah etdilər,

Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı mehrəmi raz etdiler,

Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Ümumiyyətlə, Hürufilər barədə ittihamlar keçmişdə olduğu kimi indi də davam etməkdə, Hürufiliyin yaradıcısı Fəzlullahın Azərbaycanlı olmadığı, qəsdən Azərbaycançılıq və Türklük düşüncəsinə zərər vuran təbliğatla məşğul olduğu kimi yersiz ittihamlarda irəli sürülməkdədir. Yuxarıda mən Fəzlullahın Təbrizin İlxıçılar qəsəbəsindən olduğunu qeyd etmişəm, lakin  Fəzlullah Nəiminin Azərbaycan və Təbriz haqqında bu deyimi yerinə düşər: Zatımı Təbrizdə kəşf etdim, həqiqətin günəşi Azərbaycanda parladı, Azərbaycan peyğəmbərlərin və ərmişlərin (övliyaların) parlayan almasıdır. Fəzlullahın bu deyimi onun Azərbaycan və Təbrizə bağlılığı və sevgisinin təzahürüdür. Bu sevgi təkcə maddi (cismi) sevgi deyil, həm də ruhani və ilahi sevgidir. Çünki, Fəzlullaha görə Azərbaycan həqiqətin günəşdir, Azərbaycan peyğəmbər və övliyar torpağıdır.

Fəzlullahın təbirincə Azərbaycan təkcə Hürufiliyin yarandığı məkan kimi deyil, həm də peyğəmbər və övliyaların yetişdiyi və insanları irşada yetişdirən qutsal diyardır. Fəzlullah Nəiminin “Azərbaycan peyğəmbərlərin və övliyaların parlayan almasıdır” deməsi boşuna deyildir, bu torpaqlarda Zərdüşt peyğəmbərin zühuru gerçəkləşmiş və yunan fəlsəfəsinin formalaşmasında böyük rol oynamış Avesta Azərbaycan mədəniyyətinin məhsuludur. Xəzər dənizinin sahilində Hz.Xızırın ziyarətgahının varlığı və Quranda Azərbaycan barədə surənin(Əl Kəhf) nüzülu.

Beyləqan rayonunda 4 dəfə ölüb dirilmiş sirli Cərcis peyğəmbərin məzarının olması, xəlvətilik, qızılbaşlıq, hürufilik kmi mistik təriqətlərin bu torpaqlarda yaranması, peyğəmbərdən miras qalmış batini islam elminin daşıyıcılarının bu torpaqlara hicrət edib yaşamaları və məzarlarının xalq tərəfindən müqeddəs ziyarətgahlar kimi sevilməsi, böyük sufilər Şəms Təbrizi, Əxilik təşkilatının yaradıcısı Şeyx Nəsrəddin Mahmud Xoyi, Mahmud Şəbüstəri, Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdi, Eynəlqüzat Miyanəçi, Məhəmməd Bakuvi, Əbülfərəc Zəncani kimi böyük övliyaların Azərbaycandan dünyaya həqiqət günəşi kimi parlamasının, Azərbaycan torpağının  övliyalar məkanı olmasının səbəbləri və bilmədiyimiz bir çox sirrlər böyük ustada məlum olmuşdur. Məzh bu sirrlər barədə məlumatlı olması Fəzlullahın Azərbaycan və Təbriz mədh edəcək dərəcədə sevməsinə və haqqında yuxarıda qeyd etdiyim yüksək fikirlərinin olmasına səbəb ola bilərdi.

Fəzlullaha görə Allah gizli xəzinə “kənzi mahfi” olmaqla mövcudiyyətin həqiqəti isə səsdir. Səsin sirri valığın ilk zühuru zamanı Allahın “kunfeyakun“ yəni “ol” əmrindədir. Səsin kamil halı kəlmələr olmaqla, kəlmənin sirrisə kəlməni əmələ gətirən hərflərdədir. Səs qeyb aləmindən varlıq aləminə hərflər vasitəsilə zühur edir.

Hərf və rəqəmlərin mistik batini mənalarının açılması və yorumu  ilə məşğul olan hürufilər qərbdə hərf və rəqəmlərin gizli sirrləri ilə məşğul olanlardan fərqli olaraq heç vaxt sehr. cadu və okultizmlə məşğul olmamışlar, siyasi hakimiyyət iddia, məzhəb təəsübkeşliyi və təbliğatından uzaq olmuşlar, onlar varlığın batinində və bütün dini əməllərində 28 və 32 hərfin əlamətlərini və sirrlərini izah etməyə çalışırdılar.

Hürufilərin Azərbaycanda fəaliyyətləri təkcə batini fikirlərinin təbliği ilə məhdudlaşmayıb, Azərbaycan torpaqları Teymur qoşunları tərəfindən işğal edilərkən Hürufilər xalq hərakatına öndərlik edərək, Teymura qarşı bütün Azərbaycanın birlikdə müqavimət göstərməsinin tərəfdarı olmuşlar. Teymur çox yaxşı anlayırdı ki, təlimlərinin əsasını insanın ruhən və cismən azadlığı təşkil edən Hürufilər onun zülmünə boyun əyməyəcək və üsyan bayrağını qaldıracaqlar. Sürətlə yayılması və əhalinin bu əqidəni mənimsəyəcəyi təqdirdə qeyri-məhdud hakimiyyətinə qarşı təhlükə yaranacağıını anlayan Teymurləngin əmriylə oğlu Miranşah tərəfindən Hürufiliyin əsasını qoymuş və Hürufilər tərəfindən xilaskar kimi qəbul edilən Fəzlullah Nəimini ələ keçirərək 1394-cü ildə Naxçıvanda Əlincə qalasında işgəncə ilə öldürmüş və ardıcıllarının təqib olunaraq ələ keçənin edam edilməsi tapşırığını vermişdir. 

 Fərman Salmanlı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il