Azərbaycan elə bir coğrafi regionda yerləşir ki, tarix boyu qarışıq siyasi vəziyyətdə olub. Qarışıq və çətin vəziyyətlər isə güclü insanların meydana çıxmasına, xalq üçün mübarizə aparmasına şərait yaradıb. Şirvanşahların çətin siyasi vəziyyətində imdada çatan İbrahim, Səfəvilərin çətin vəziyyətində onları xilas edən Şah Abbas olduğu kimi, XX əsrdə Azərbaycanın görkəmli publisistləri də bu missiyanı yerinə yetirirdilər. Silahı qələm əvəz edən bu dövrdə publisistlərimizin silahı elm, təfəkkür və maarifçilik idi. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, H.Zərdabi, Ü.Hacıbəyli, Ə.Kamal kimi şəxsiyyətlər Azərbaycan fikir tarixində, milli kimlik və özünüdərk mövzularında xalqı oyatmağa və inkişafa səsləyən tarixi şəxsiyyətlər idi.
Hər bir publisistin özünəməxsus yaradıcılığı, həyat yolu və qələmi olmuşdur və onların hər birinin həm Azərbaycan ədəbiyyatı, həm də mətbuatında xidmətləri əvəzolunmazdır. Lakin digər publisistlərə kölgə salmadan demək olar ki, publisistlərimiz arasında biri daim öz düşüncələri, yazıları və dünyagörüşü ilə seçilmişdir.
Bu görkəmli publisistimiz Tiflisdə, Rusiyada və Fransada peşəkar təhsil almış, müxtəlif sahələrdə yer tutmuş, bəzən düşüncələrinə görə qınanmış Əhməd bəy Ağaoğludur. Bu yazıda Əhməd bəyə publisist, elm adamı, siyasi və ictimai xadim, islamşünas alim kimi nəzər yetiriləcək. Əhməd bəy 70 illik həyatında çox böyük addımlar atmış və bizə dəyərli irs qoymuşdur. Doğma torpağı Şuşada ilk qiraətxananı açan və həmçinin Şuşa məktəbində yeganə azərbaycanlı müəllim olan Əhməd bəy, 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlir və Azərbaycan mətbuatında ilk addımlarını atır. Qələminin sadəliyi və toxunduğu mövzuların aktuallığı həm çalışdığı mətbuat orqanının, həm də özünün nüfuzunu artırır. Bu dövrdə Əhməd bəy Azərbaycanda bir sıra ictimai problemlərə fikir bildirir və yazılar yazır.
Paris dövrü
İlk yazılarını Parisdə təhsil alarkən Fransa mətbuatında “Jurnal de Debat”, “Revü Been”, “Nouvye Revyü” kimi qəzet və jurnallarda yazan Ə.Ağaoğlunun həyatında bu dönəm xüsusi əhəmiyyətə malikdir. Burada keçirdiyi zaman və yiyələndiyi dünyagörüşü onun həyatına və düşüncələrinə ciddi təsir göstərmişdir. Parisdə əsas maraq göstərdiyi elm sahəsi “Şərq sivilizasiyası və dinlərin tarixi” idi. Həmçinin İran tarixi və mədəniyyəti mövzularına yönəlmişdi. Burada onun dünyagörüşünə və elm sahəsinə həvəsləndirən müəllimləri E.Renan və C.Darmsteter olmuşdur.
1892-ci ildə Londonda keçirilmiş Şərqşünasların IX Beynəlxalq Konqresində Əhməd bəy “Şiəlik təlimində məzdəki inancları” adlı məruzə ilə çıxış etmişdir. Ə.Ağaoğlu konkret faktlara əsaslanaraq, İranın islamaqədərki dini inanclarını və ilk növbədə məzdəkilik ünsürlərinin şiəlikdə öz davamını və sonrakı inkişafını tapdığını göstərirdi. Parisdə olan zaman Əhməd bəy vaxtının böyük qismini araşdırmalara həsr edir.
Əhməd bəy Azərbaycanda ilk dəfə qadın azadlığı problemini gündəmə gətirən və bu məsələni öz yazıları ilə aktuallaşdıran şəxsdir. 1901-ci ildə yazdığı “İslam və islama görə qadın” məqaləsində islam dininin qadınlarla kişilərin bərabərliyinə səslədiyini vurğulayır. O dövrdə qadınlarla davranış qaydalarının düzgün olmadığını, saxtakar mollaların və ruhanilərin dediklərinin əksinə, islamın elmə və biliyə səslədiyini göstərirdi. Məhəmməd peyğəmbərdən faktlar gətirərək, qadınlara necə davranılmalı olduğunu izah edirdi. Quran ayələrindən sitatlar gətirərək öz fikirlərini əsaslandırır və ruhanilərin yanlış təsəvvürlərini rədd edirdi.
Əhməd bəy qeyd edirdi ki, “yalnız azad, müstəqil düşüncəli ana olduğu halda, müasir müsəlman qadını öz sosial vəzifələrini həyata keçirə bilər. O zaman qadın övladlarına yüksək hisslər və nəcib amallar təlqin edə bilər.”
Onun müəllifi olduğu “Sərbəst İnsanlar Ölkəsində” kitabında qadın natiqin dilindən belə bir nitq eşidilir:
“Necə ola bilər ki, qadının doğub bəslədiyi oğul bir vəzifəni tuta bilər, amma qadın özü yox? Bizə fizioloji özəlliklərdən danışırlar! Sanki kişilərin hamısı sapsağlamdır! Dəlixanalara, həbsxanalara gedin, cinayət statistikasını oxuyun. Güman etmirəm ki, nəticə kişilərin xeyrinədir.”
Bu yazılardan da göründüyü kimi, Əhməd bəy XX əsrin əvvəllərində qadın azadlığı məsələsini cəmiyyət üçün prioritet olaraq görürdü.
Partiya rəhbəri kimi:
Həm ədəbi, həm də publisistik fəaliyyətlə məşğul olan Əhməd bəy bununla kifayətlənməmişdir. Xalqı üçün daim mübarizə aparan publisist yeri gələndə qələmə, yeri gələndə isə silaha əl atmışdır. 1903-cü ildən başlayaraq erməni silahlı dəstələrinin Azərbaycan türklərinə qarşı törətdiyi terror nəticəsində Əhməd bəy “Difai” (1905) partiyasını yaratmışdır. Bu partiya, 500 nəfərlik silahlı dəstədən ibarət olaraq, XX əsrin əvvəllərində Azərbaycan türklərinin qorunmasında mühüm rol oynamışdır. Onu "müsəlmanların döyüşkən partiyası" adlandırırdılar.
1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman qarşıdurması zamanı “Difai” həqiqətən də "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Partiyanın qərargahı Gəncədə yerləşən “Cəmiyyəti-Xeyriyyə” və “Nəşri-Maarif” cəmiyyətlərinin binası idi. Hüseyn Baykaranın yazdığına görə:
“Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər.”
Bu səbəbdən ermənilərin terror addımları xeyli azalmışdı.
“Difai” partiyası azərbaycanlı dinc əhalini daşnak silahlı dəstələrindən qorumaq məqsədilə yaradılsa da, əslində onun başlıca hədəfi Rusiyanın bölgədəki müstəmləkə siyasəti idi. T. Svetoxovski qeyd edir ki:
“Tatar-erməni savaşının nəticəsi olaraq meydana çıxan ‘Difai’ ilk növbədə Rusiyaya qarşı çıxaraq Şamilin dövründən bəri çarizm üsul-idarəsinə qarşı hər hansı bir mütəşəkkil müqavimətin göstərilmədiyi bir bölgədə uzun sürən sükutu pozdu.”
1909-cu ildə “Difai” partiyasının fəaliyyəti müvəqqəti dayandırılmışdır.
Siyasi xadim kimi:
Geniş yaradıcılıq fəaliyyətinə malik olan Əhməd bəy eyni zamanda görkəmli siyasi xadim idi. Bildiyimiz kimi, o, AXC, TBMM və Çar Rusiyası Dövlət Dumasında müxtəlif dövrlərdə millət vəkili kimi fəaliyyət göstərmişdir. Millət vəkili olmazdan əvvəl XX əsrin ilk onilliyində Çar Rusiyasında baş verən inqilab zamanı danışıqlarda yaxından iştirak etmişdir.
Sürəyya Ağaoğlu “Bir Ömür Belə Keçdi” kitabında yazır ki, Əhməd bəy 1906-cı ildə Qafqaz canişini Daşkovla danışıqlar zamanı belə demişdir:
“Neçə ildir ki, biz Qafqaz camaatı qəribə bir vəziyyətə düşmüşük. Bir dəstə hamını qorxu altında saxlayıb heç kəsə öz fikrini açıq deməyə və işlərini görməyə imkan vermir. Camaat işinə müdaxilə edən şəxslər həmişə qorxu içindədirlər. Bu vəziyyətə son qoymaq lazımdır.”
Əhməd bəy AXC parlamentində də çıxışları ilə fərqlənmişdir. 1918-ci il 16 dekabr tarixli çıxışında o deyir:
“Məmləkətimiz böyük təhlükələrlə üz-üzədir. Gecə qara fırtınaya oynayan taxta parçaya bənzəyirik. Amma bu taxta parçası 3 milyonluq Azərbaycan xalqının şərəfi, qadınları və uşaqlarıdır. Biz bunları xilas etmək üçün möhkəm hökumət qurmalıyıq.”
Həmçinin o, daxili düşmənlərin təmizlənməsi və hökumət proqramının hazırlanmasının vacibliyini vurğulamışdır. Onun fikrincə, hökumət xalqın rifahı və ordu quruculuğu istiqamətində ciddi tədbirlər görməli idi.
Publisist kimi:
Əhməd bəyin publisistika sahəsində ilk addımları 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlişi ilə başlamışdır. O, “Kaspi” qəzetində fəaliyyət göstərmiş və burada yazdığı məqalələr geniş oxucu auditoriyasına malik olmuşdur. Onun yazılarının əsas mövzularından biri İslam dini və müsəlman dünyasının problemləri idi.
1905-ci ildə Əhməd bəy “Bakı Hadisələri ilə Bağlı Həqiqətlər” adlı məqaləsini çap etdirmişdir. Bu məqalə Rusiya mətbuatında ermənilərin əzilən tərəf kimi göstərildiyi bir dövrdə həqiqətləri ortaya qoyurdu.
Əhməd bəyin əsas yaradıcılıq uğurlarından biri də “İrşad” qəzetini təsis etməsidir. Bu qəzet cəmiyyətin problemlərini daha radikal və obyektiv şəkildə işıqlandırırdı.
Elm insanı kimi:
Əhməd bəyin elm yolunda atdığı ilk addımlar Fransada Sorbonna Universitetində təhsil aldığı dövrə təsadüf edir. Yuxarıda da qeyd etdiyimiz kimi, burada tanış olduğu müəllimlər – filosof, tarixçi Ernest Renan və Ceyms Darmsteter onun dünyagörüşündə mühüm rol oynamışdır. Əhməd bəyin həyatının Paris dövrü müəyyən qədər qarışıqdır. Belə ki, türkçülük deyiləndə ağla ilk gələn insanlardan olan Əhməd bəy əvvəllər milliyyətçiliyə qarşı çıxan, Azərbaycanı İran kimi təqdim edən biri idi.
Əhməd bəy Parisdə təhsil alarkən eyni binada yerləşən iki nüfuzlu tədris-tədqiqat mərkəzində – Collège de France və École des Hautes Études Pratiquesdə (Ali Tətbiqi Araşdırmalar Məktəbi) mühazirələr dinləməyə başlayır. Bu dönəmdə Parisin aristokratik dairələrində böyük nüfuz sahibi olan görkəmli fransız filosof və tarixçi Ernest Renan hər həftə Collège de Franceda çıxış edirdi. École des Hautes Études Pratiquesdə isə İranın mədəniyyət və din tarixinin tanınmış tədqiqatçısı Ceyms Darmesteter “Şərq Xalqlarının Tarixi” mövzusunda mühazirələr oxuyurdu. Mübaliğəsiz demək olar ki, məhz bu iki görkəmli alimlə tanışlıq Əhməd bəyin gələcək həyatını müəyyənləşdirmişdir.
Əhməd bəyin ilk elmi araşdırmalarının mövzusu “Şərqin qədim sivilizasiyası və dinləri, daha doğrusu, İranın islamdan əvvəlki tarixi və inancları” olmuşdur. O, həmçinin İslam dünyasının tənəzzülünün məsuliyyətini də xeyli dərəcədə Osmanlıların üzərinə yıxırdı. Təəccüblü deyil ki, Əhməd bəy Paris dövrü yazılarında Azərbaycanı İran cəmiyyətinin tərkib hissəsi kimi təqdim edirdi. Bu baxımdan tamamilə təbiidir ki, o, Azərbaycan türklərinin danışıq dilinin ədəbiyyat, dövri mətbuat, təhsil və digər sahələrdə geniş istifadə edilməsinin tərəfdarı olan Həsən bəy Zərdabini kəskin tənqid atəşinə tuturdu. Bu mənada amerikalı tarixçi T. Svetoxovskinin belə bir fikri ilə razılaşmamaq mümkün deyildir ki, Paris dövrü yazılarında Əhməd bəy bir “İran yanlısı və Osmanlı əleyhdarı” kimi çıxış edirdi.
H.Şisserin qənaətinə görə, Əhməd bəyin özünü İranlı kimliyinin daşıyıcısı kimi təqdim etməsi iki əsas amillə bağlı idi. Nəzərə almaq lazımdır ki, Əhməd bəy özünü rus müsəlmanı sayırdı. Bundan əlavə, onun anadan olub boya-başa çatdığı yerin şiə dini mühiti İranın güclü təsiri altında idi. Paris dövrü başa çatdıqdan sonra Şuşaya qayıdan və pedaqoji fəaliyyətlə məşğul olan Əhməd bəy İrandakı mühitlə daha yaxından tanış olur və orada qadınların hüquqsuz vəziyyətinin şahidi olur. XX əsrin əvvəllərində Əhməd bəy islam dünyasının xilaskarı rolunda farsları deyil, türkləri görürdü. Beləliklə, 1894-1904-cü illərin başlıca yekunu heç şübhəsiz Əhməd bəyin İran kimliyindən uzaqlaşması və tədricən türkçülük istiqamətinə təkamül etməsi idi.
İslamşünas alim kimi:
Publisistimiz dini inanclarına çox bağlı idi. Bununla yanaşı, İslam dininin dərin bilicisi idi. İstər Fransada olduğu dövrdə, istərsə də Azərbaycana qayıtdıqdan sonra İslam dininin əsasları və Peyğəmbər haqqında məqalələr yazmışdır. Əhməd bəyin “Panislamizm, onun səciyyəsi və əlamətləri” (1900), “İslamın mənşəyi, onun xristianlığa və yəhudiliyə təsiri” (1903), “Ricəti-İslam” (1909) kimi məqalələri İslam dininin müasir dövrlə səsləşən xüsusiyyətlərindən bəhs edir.
Əhməd bəy İslam dininin bir sıra müsbət cəhətlərini nəzərə çarpdırmaq məqsədilə yazır:
“İslamın istər keçmişdə, istərsə də indiki müvəffəqiyyəti əsasən bununla izah olunur ki, onun üçün ərəb, fars, türk və ya zənci anlayışı yoxdur. Allah qarşısında itaətkarlıq, onun qoyduğu qanunlara dərin inam bütün insanları ögeylikdən doğmalığa çevirmişdir. Hakim və məhkumlar, ağalar və nökərlər İslamı qəbul etmək nəticəsində təkcə inama, etiqada görə deyil, eyni zamanda dil, hüquq, adət-ənənə, hətta geyim etibarilə də bir olmuş, aralarındakı ictimai fərqlər silinib getmişdir.”
O, həmçinin İslam dininin elmin, tərəqqinin və maarifin tərəfdarı olduğunu vurğulayır. İslamın elmə verdiyi əhəmiyyət onun Peyğəmbəri Məhəmmədin (s) “Elm Çində də olsa arxasınca gedin” və “Elmi öyrənmək beşikdən qəbrədək vacibdir” kəlamlarında öz əksini tapmışdır. Əhməd bəy İslamın bu xüsusiyyətlərini nəzərə çarpdıraraq onun nə dərəcədə kamil və humanist din olduğunu göstərir.
Eyni zamanda, dövrünün saxtakar mollalarını da kəskin tənqid edirdi. Qurandan dəqiq ayələr gətirməklə, İslam dini adından danışaraq dində olmayan qanunlar və qadın hüquqlarının məhdudlaşdırılması kimi məsələlərə aydınlıq gətirirdi.
Yazdığı məqalələr çağdaş dövrümüz üçün də mühüm əhəmiyyət daşıyır. Əhməd bəyin məqalələrində qaldırdığı problemlər bu gün də aktualdır. Bununla yanaşı, o, öz dövrünün publisistlərindən fərqli olaraq fars və ərəb sözlərindən olduqca az istifadə edirdi ki, bu da onun yazılarının müasir oxucu tərəfindən asan başa düşülməsini təmin edir. Bu xüsusiyyətini müəllifi olduğu “Üç Mədəniyyət”, “Mən Kiməm?” və “Sərbəst İnsanlar Ölkəsində” kitablarında da görmək mümkündür. Həmin əsərlərdə Əhməd bəyin qələminin sadəliyi və bir o qədər də güclü olması aydın hiss edilir. Bu kitablar Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrindəndir. Onun “Sərbəst İnsanlar Ölkəsində” əsəri Türkiyə və Rusiyada dəfələrlə çap edilmişdir.
Ayhan Ağarzayev