5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən Üçüncü Kəlağayı Festivalı keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd maddi mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir.
Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya (“Müasir geyim obrazında kəlağayı” videotəqdimat müsabiqəsi və “Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə” rəsm müsabiqəsi) üzrə təşkil olunub.
Müsabiqədə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri mübarizə aparıblar.
Sonda I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər.
Festival çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub.